Marsda karbon dövranına dair ilk birbaşa sübut tapıldı
NASA-nın "Curiosity" adlı kəşfiyyat aparatı Qırmızı Planetin iqlim keçmişinə işıq tutacaq əhəmiyyətli bir kəşfə imza atıb. Marsda daha əvvəl yalnız nəzəriyyələrlə izah olunan karbon dövranına dair ilk birbaşa sübut aşkar edilib.
"Curiosity" Marsdakı Gale Krateri ərazisində apardığı qazıntılar zamanı yalnız atmosferdəki karbondan çökmə yolu ilə əmələ gələ bilən "siderit" adlı bir minerala rast gəlib.
Bu kəşf təxminən 3,5 milyard il əvvəl Marsda aktiv karbon dövranının mövcud olduğunu və planetin yaşama uyğunluğu ilə bağlı proqnozların düzgün olduğunu ortaya qoyub.
Kanadanın Kalqari Universitetindən geokimyaçı professor Dr. Benjamin Tutolo bildirib:
“Bu tapıntı bizə göstərir ki, Mars bir zamanlar yaşamaq üçün əlverişli olub və bu istiqamətdəki modellərimiz doğru idi.
Elm dünyası uzun müddətdir Marsda suyun varlığını sübut edən izləri araşdırır. Səthdəki göllər, çaylar və okean qalıqları bir zamanlar Marsda bol miqdarda maye suyun mövcud olduğuna işarə edir. Lakin bu suyun mövcud ola bilməsi üçün atmosferdə kifayət qədər karbon qazı olmalı idi”.
Tutolo əlavə edib:
“Modellər göstərirdi ki, karbonat mineralları Mars səthində geniş yayılan olmalıdır. Lakin indiyədək nə orbitdəki peyklər, nə də səthdəki cihazlar bu minerallara dair aydın sübut tapa bilmirdi".
Mənbə: TRT HABER
Nuray Əliyeva