00:00:00
Yazar
Güllər Gülhüseynova
13.11.2026 16:11 72 2 dəq oxuma
Professor Nəsir İmanquliyev dərsləri

Milli ruhun qoruyucusu: Nəsir İmanquliyev məktəbi

Milli ruhun qoruyucusu: Nəsir İmanquliyev məktəbi

Hər bir xalqın gələcəyi onun gənc nəslinə ötürdüyü milli yaddaşdan, tarixi köklərə bağ¬lı¬lıqdan və vətənpərvərlik duyğularından əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycan mətbuat tarixinin və milli maarifləndirmə hərəkatının görkəmli siması, professor Nəsir İmanquliyev öz çoxillik elmi-pedaqoji və ictimai fəaliyyətində məhz bu müqəddəs missiyanı həmişə ön plana çəkmişdir. O, dərk edirdi ki, qələm sahibi yalnız günün aktual xəbərlərini yayan müşahidəçi deyil, o, həm də xalqın mənari kodlarını, milli kimliyini və tarixi şüurunu qoruyan əsas səngərin əsgəridir.

 

Sovet imperiyasının sərt ideoloji qadağalarının hökm sürdüyü, milli dəyərlərin müəyyən mənəvi təzyiqlərlə üzləşdiyi dövrlərdə Nəsir müəllim auditoriyalarda oxuduğu mühazirələrdə, redaksiyada apardığı ideoloji işlərdə gənclərə hər zaman doğma xalqın tarixinə, zəngin mədəniyyətinə və ədəbiyyatına dərin sevgi aşılayardı. Onun üçün vətənpərvərlik şüar səviyyəsində deyil, gündəlik fəaliyyətin, işə sədaqətin və peşəkar vicdanın tərkib hissəsi idi. O, tələbələrinə tez-tez xatırladardı ki, öz xalqının keçmişini, onun böyük şəxsiyyətlərini, ziyalılarını tanımayan insan gələcəkdə cəmiyyətə faydalı ola bilməz. Məhz bu məqsədlə o, redaksiyaya gələn gənc müxbirlərə yalnız xəbər yazmağı deyil, həm də xalqımızın milli mənlik şüurunu əks etdirən mövzulara müraciət etməyi tövsiyə edirdi.

 

Onun dərslərində Azərbaycanın tarixi abidələri, klassik ədəbiyyatı və ana dilinin qorunması məsələləri həmişə prioritet istiqamət olmuşdur. Nəsir müəllim inanırdı ki, qəlbində vətən sevgisi olmayan gənc heç vaxt əsl vətəndaş və peşəkar jurnalist ola bilməz; çünki xalqının ağrısını, sevincini və tarixini içindən hiss etməyən qələm hər zaman quru və təsirsiz qalmağa məhkumdur. Onun irəli sürdüyü bu milli-mənəvi prinsiplər həmin dövrdə gənc jurnalistlərin formalaşmasında, onların cəmiyyət qarşısında məsuliyyətli vətəndaş kimi yetişməsində həlledici rol oynamışdır.

 

Bu gün də Nəsir İmanquliyevin həyat yolu və ideyaları bizə xatırladır ki, medianın əsas ali məqsədi yalnız məlumatlandırmaq deyil, həm də cəmiyyətdə milli birliyi, vətənpərvərlik ruhunu və tarixi yaddaşı əbədi yaşatmaqdır. Ustadın qoyduğu bu mənəvi təməl müasir Azərbaycan jurnalistikasının milli ruhunun qorunub saxlanılmasında hər zaman etibarlı dayaq olaraq qalacaqdır.

Fidan Alışova

#gündəm #ruhun #baki #qoruyucusu: #milli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər