Miqrant Uşaqlar üçün Azərbaycan Dili və Yaradıcılıq Məşğələsi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti tədbirimiz bu dəfə gəzinti deyil, öyrənmə və yaradıcılıq üzərində quruldu.
2025-ci il iyunun 24-də ofisdə təşkil olunan məşğələdə həm miqrant uşaqlar, həm də onların valideynləri iştirak etdilər. Tədbirə qatılan uşaqlar əsasən Əfqanıstandan gəlmiş ailələrin övladları idi və təlimə böyük maraq göstərirdilər.
Təlimçi Gülyaz Əsgərova əvvəlcə uşaqlara dəftər və qələm, məktəbə getməyən balacalara isə pazllar payladı. Daha sonra Azərbaycan dilinin zənginliyi barədə söhbət açdı, söz yaradıcılığından və cümlə quruluşundan danışdı. Cümlədə sözlərin yerləşmə ardıcıllığını izah edərək hər bir uşağın prosesdə aktiv iştirak etməsinə şərait yaratdı.
Təlimçi Azərbaycanın zənginliyini ifadə edən qısa inşalar yazmağı təklif etdi. Uşaqlar bu tapşırığı həvəslə yerinə yetirdilər. Xüsusilə Aksanın yazdığı inşa məzmun və ifadə baxımından daha fərqli idi.
Sonrakı mərhələdə çoxhecalı sözlərdən yeni sözlərin yaranması üzrə tapşırıqlar verildi. “Azərbaycan” və “Qarabağ” kimi sözlərdən yeni sözlər düzəltmək üçün uşaqlar böyük səy göstərdilər. Bu mərhələdə Sədəf ən çox söz tapan uşaq oldu və fəallığına görə fərqləndirildi.
Məşğələnin sonunda balaca uşaqların pazllardan hazırladığı fiqurlara baxıldı. Fiqurları tamamlamaqda çətinlik çəkən uşaqlara kömək göstərildi və nəticədə maraqlı kompozisiyalar ortaya çıxdı.
Tədbir həm maarifləndirici, həm də əyləncəli şəkildə keçdi, uşaqlar dil və yaradıcılıq bacarıqlarını inkişaf etdirmək imkanı qazandılar.



