00:00:00
Yazar
Admin User
17.12.2025 18:46 104 2 dəq oxuma
Dünya

Əməkdaşların tətilinə görə Luvr muzeyi ziyarətçilər üçün bağlanıb

Əməkdaşların tətilinə görə Luvr muzeyi ziyarətçilər üçün bağlanıb

Fransanın paytaxtı Parisdə yerləşən və dünyanın ən çox ziyarət edilən muzeylərindən biri olan Luvr əməkdaşların tətili səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Məlumata görə, muzey işçiləri maaş və əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə tətilə çıxıblar.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, xüsusilə, Avropa ölkələrində işçi hüquqları ilə bağlı tətillər kifayət qədər yayılmış və normal qəbul olunan bir prosesdir:

 

"Bu kimi hallar istər dəmir yolçuların, istər hava yolları əməkdaşlarının, istərsə də muzey işçilərinin etirazları adətən maaş artımı, iş şəraitinin yaxşılaşdırılması və sosial təminatlar kimi tələblərlə müşayiət olunur. Belə tətillər müvəqqəti narahatlıqlar yaratsa da (məsələn, turistlərin planlarının pozulması), bu, həmin məkanın nüfuzuna və gələcəkdə ora olan marağa uzunmüddətli təsir göstərmir. Əksinə, bəzən bu hadisələr daha çox diqqət çəkərək ictimaiyyəti məlumatlandırır və işçilərin haqlı tələblərinin yerinə yetirilməsinə təkan verir. Oğurluq hadisəsi və ya tətillər zamanı muzeyin bağlanması isə, sadəcə, ziyarətçilər üçün müvəqqəti narahatlıq deməkdir.Uzunmüddətli tətillər və xüsusilə təhlükəsizliklə bağlı yaranan narahatlıqlar ölkənin turizm sektoruna mənfi təsir göstərə bilər. Turistlər, adətən, sabitlik, təhlükəsizlik və rahatlıq axtarırlar. Əgər bir ölkədə tez-tez ictimai narazılıqlar, tətillər və ya təhlükə riski haqqında xəbərlər yayılırsa, bu, həmin ölkəyə səyahət planlayan insanların fikrini dəyişə və turizm axınını azalda bilər. Bu səbəbdən, dövlətlər belə halların qarşısını almaq, ya da təsirini minimuma endirmək üçün həm daxili sabitliyi qorumağa, həm də beynəlxalq imiclərini düzgün idarə etməyə çalışmalıdır. Əks halda, turizm gəlirləri azalacaq və bu da həm iqtisadi, həm də sosial baxımdan mənfi nəticələr doğura bilər. Turistlərin təhlükəsizliyi prioritet məsələdir, eyni zamanda xidmət sahəsində çalışan əməkdaşların da haqlı tələbləri nəzərə alınmalıdır. Bu cür narazılıqların aradan qaldırılması üçün dövlət qurumları ilə əməkdaşlar arasında konstruktiv dialoq qurulmalıdır.  

 

Dövlət həm turizmin davamlılığında maraqlıdır, həm də sosial sabitliyin qorunmasında. Odur ki, belə halların uzanmaması və tez bir zamanda ortaq razılaşma ilə həll olunması hər iki tərəf üçün ən uyğun yoldur. Əks halda, həm xidmət keyfiyyəti zəifləyə, həm də ölkənin beynəlxalq imicinə zərər dəyə bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər