"Moskva Ukraynanın müdafiə sisteminin zəifliyini nümayiş etdirməyə çalışır"- ŞƏRH
Rusiya zərbələri 26 nəfəri öldürüb, Ukraynanın hava hücumundan müdafiəsindəki çatışmazlıqları üzə çıxarıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, son dövrlər görürük ki, tərəflər bir-birlərinin ərazilərinin dərinliklərinə intensiv zərbələr endirməkdədirlər:
“Ukrayna tərəfi Rusiyanın daha dərinliklərinə artıq zərbələr endirmək imkanını nümayiş etdirdi. Əsasən yanacaq infrastrukturu və enerji infrastrukturu hədəf alınırdı. Rusiya tərəfinin son günlərdə, xüsusilə də iyulun 2-dən başlayaraq, Kiyevə və Ukraynanın digər ərazilərinə silahlardan atəş açması onu göstərdi ki, Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın son günlərdə tətbiq etdiyi dronlara və uzaqmənzilli raketlərə qarşı effektiv deyil. Bunu Ukrayna hərbçilərinin özləri də etiraf etdilər ki, Rusiyanın atdığı ballistik raketlərdən biri də zərərsizləşdirilmədi. Ukrayna və Qərb mətbuatı qeyd edir ki, Rusiya son dövrlərdə daha yeni texnologiya əsaslı dronlardan da istifadə etməkdədir. O dronları zərərsizləşdirmək də çətinlik törədir. Amma Ukrayna tərəfi dron hücumlarının qarşısını müəyyən qədər alır. Rusiyanın son zərbələri zamanı ballistik raketlər zərərsizləşdirilə bilmir. Xüsusilə də Kiyevə zərbələr endirilən zaman daha böyük dağıntılar və tələfatlar oldu. Kiyevin meri Klitschko etiraf etdi ki, müdafiə sistemi ümumi müdafiə sistemi ilə uzlaşdırılmayıb və bu da onun müdafiə sisteminin nisbətən zəif olduğunu və yaxud da ki, son dövrlərdə zəiflədiyini etiraf etməkdədir”.
Politoloq qeyd edib ki, Almaniya, hava hücumundan müdafiə sistemləri üçün Ukraynaya raket tədarükü etməkdən imtina edib:
“Bunu onunla əsaslandırır ki, artıq Ukraynaya öz raketlərinin istehsal olunması sayəsində yaxud da tədarükü sayəsində imkanları kifayət qədər genişdir. Bu baxımdan da Almaniya əlavə raket tədarükünə ehtiyac görmür. Zelenski buna sərt reaksiya nümayiş etdirdi və qeyd etdi ki, bu, Rusiya tərəfinə imkanlar açır.Nəzərə almaq lazımdır ki, hazırda Ankarada NATO-nun sammiti keçirilməkdədir. Çox sayda informasiya mənbələri, mətbuat orqanları və yaxud ekspertlər hesab edirlər ki, bu, NATO sammiti öncəsi atılan addımlardır. Yəni, bu da danışıqlar prosesinə təsir göstərəcəkdir. Ukrayna çalışırdı ki, uğur qazansın və NATO platformasında daha böyük dəstək alsın. Rusiya isə Ukraynanın müdafiə sisteminin tam da işlək vəziyyətdə olmadığını Ukraynanın müttəfiqlərinə nümayiş etdirməyə çalışır. Sözsüz ki, bu da ona hesablanıb ki, Ukraynaya göstərilən dəstək zəiflədilsin. Göstərilən dəstəyin Rusiya qarşısında nəticə vermədiyini nümayiş etdirmək məqsədi ola bilər. Münaqişənin bundan sonra da davam edəcəyi haqqında təsəvvürləri gücləndirir”.
Nurgün Qənizadə