00:00:00
Yazar
Səadət Əlizadə
20.11.2026 21:20 201 2 dəq oxuma
Siyasət

Mossad İrana birgə zərbələri dəstəkləyib

Mossad İrana birgə zərbələri dəstəkləyib

“Mossad” rəhbəri Roman Qofman ABŞ rəsmiləri ilə görüşlərində İrana qarşı birgə hərbi zərbələrin endirilməsini dəstəkləyib. “Reuters”in məlumatına görə, Qofman CIA direktoru Con Retkliff və Stiv Uitkoffla görüşərək İranın nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatlarını təqdim edib. İsrailin sabiq strateji planlaşdırma naziri Ron Dermer də bu təşəbbüsü dəstəkləyib.

 


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib ki, İranın nüvə proqramı region ölkələrini kifayət qədər narahat edən məsələdir:

 


“Bu proqram dinc məqsədlə olsa, anlaşılandır, amma nəzərə alsaq ki, İran həm də uranı zənginləşdirərək bundan silah əldə etmək istəyir. Belə ki, elə hal-hazırda İranda 440 kiloqram 60 faiz səviyyəsində zənginləşdirilmiş uran var ki, bu maddədən də nüvə silahı əldə etmək qısa bir zaman tələb edir və bu da kifayət qədər ciddi narahatlıq yaradır. Bu baxımdan İranın nüvə proqramı bölgə ölkələri qədər, həm də İsraili, o cümlədən ABŞ-ni narahat edir. Burada İsrail məsələsi önə çıxır. Belə ki, İranda dini rejim bərqərar olandan İsraillə münasibətlər kifayət qədər gərgindir və İran İsraili yer üzündən silməklə hədələyir ki, bu da İsraildə ciddi təşviş yaradır. O baxımdan İsrail İranın bölgədə güclənməsinə, təsirinin artmasına, nüvə silahı əldə etməsinə qarşıdır və buna müxtəlif yollarla mane olmağa çalışır”.

 


Müsahibin sözlərinə görə, elə keçən il də İsrailin təkbaşına 12 günlük savaşda İran ərazisinə zərbələr endirməsi bununla bağlı idi:

 

 

“Şübhəsiz ki, İsrailin də bölgədə özünün ayrıca maraqları var və faktiki olaraq Yaxın Şərqdə vəziyyəti gərginləşdirən iki ölkənin olduğunu deyə bilərik: İran və İsrail. İsrailin İrana birgə zərbə endirməklə bağlı ABŞ-lə təmaslarına gəlincə, bu anlaşılandır. Çünki İsrail çox yaxşı başa düşür ki, İranın öhdəsindən gəlmək onun təkbaşına imkanları xaricindədir və o bunu yalnız ABŞ-lə həyata keçirə, İranı zəiflədə bilər. O baxımdan Amerika Birləşmiş Ştatlarının bu prosesdə iştirakını çox arzulayır və bunu təşviq edir, hələlik bu günə qədər də buna nail olub”.

 


Politoloq qeyd edib ki, 12 günlük savaşın sonuncu günü ABŞ-nin B-2 ağır bombardmançı təyyarələri İranın üç nüvə mərkəzini bombaladı və o zaman döyüş dayandı:

 

“Ardından da 28 fevralda başlanan, 40 gündən artıq davam edən savaşda Amerika və İsrail birgə hərəkət etdilər, lakin bu savaşda İrana ağır zərbələr endirilsə də, əsas hədəflərə çatılmadı. O baxımdan 40 günlük savaşda da İran həm Amerikanın bölgədəki bazalarına, İsrail ərazilərinə olduqca ciddi zərbələr endirə bildi ki, bu da İranın real gücünü ortaya çıxardı. Buna görə də İsrail mütləq şəkildə bu prosesdə Amerikanın iştirakını istəyir ki, ona dəstək olsun, yaxud birgə hərəkət etməklə İranı zəiflədə bilsinlər”.



Aysu Abbasova

#birgə #azərbaycan #zərbələri #dəstəkləyib #i̇rana
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər