Nəsir İmanquliyev: Qələmi ilə cəmiyyətə xidmət edən ziyalı
Cəmiyyətin inkişafında, mənəvi dəyərlərin qorunmasında və sosial problemlərin vaxtında ictimaiyyətə çatdırılmasında əsl ziyalının mövqeyi həmişə həlledici rol oynamışdır. Azərbaycan mətbuat tarixinin görkəmli siması, professor Nəsir İmanquliyev öz ömrü boyu hər zaman xalqın içində olan, onun ağrı-acısı, sevinci və qayğıları ilə nəfəs alan əsl xalq ziyalısının parlaq nümunəsi olmuşdur. Onun publisistik fəaliyyətinin əsas xəttini cəmiyyəti narahat edən aktual problemlərin dərindən təhlili, insanquruculuğu və əxlaqi saflığın qorunması təşkil edirdi.
Nəsir müəllim heç vaxt kabinet alimi və ya kənar müşahidəçi olmamışdır. O, ölkənin ictimai-siyasi və mədəni həyatında baş verən hər bir yeniliyə dərhal reaksiya verir, qəzet səhifələrində cəmiyyəti düşündürən məsələləri açıq şəkildə müzakirəyə çıxarırdı. Onun qələmindən çıxan yazılarda hər zaman dövlətçiliyə sədaqət, xalqın mədəni irsinə hörmət və gənc nəslin sağlam tərbiyə olunması ideyaları qırmızı xətt kimi keçirdi.
Nəsir müəllim hesab edirdi ki, jurnalist və ya publisist xalqın tribunasıdır və bu tribunadan yalnız həqiqəti, ədaləti, xeyirxahlığı təbliğ etmək lazımdır. Redaksiyaya gələn vətəndaşların şikayətlərini, müraciətlərini şəxsi problemi kimi qəbul edər, onların həlli üçün lazımi qurumlara müraciət edər, mətbuatın gücü ilə bir çox haqsızlıqların qarşısını alardı. O, tənqidi yazılarda belə hər zaman konstruktivliyi,obyektivliyi qoruyur, insanları qınamaqdan əvvəl problemin kökünü araşdırmağa və cəmiyyəti bu bəlalardan xilas etməyin yollarını göstərməyə çalışırdı. Onun bu xeyirxah, ədalətli və prinsipli mövqeyi oxucular arasında onaəmiq sevgi və sonsuz etimad qazandırmışdı.
Nəsir İmanquliyevin publisistik irsi göstərir ki, həqiqi qələm sahibi hər şeydən əvvəltarix və cəmiyyət qarşısında öz vicdani borcunu dərk etməli, yazılan hər bir sözün məsuliyyətini daşımalıdır. Bu gün də onun qələmə aldığı ictimai-publisistik məqalələr, qaldırdığı problemlər və irəli sürdüyü təkliflər müasir Azərbaycan jurnalistikası üçün əsl dürüstlük və vətəndaşlıq dərsi, qiymətli mənəvi mənbə olaraq qalmaqdadır.
Serbiyada Hüseynli