Natiq Cəfərli: Vergi güzəştləri genişləndirilməlidir
Azərbaycanda sahibkarlara tətbiq olunan vergi güzəştlərinin müddətinin daha üç il uzadılması müsbət addım hesab olunur. Lakin kiçik və orta sahibkarlığın iqtisadiyyatda payının artırılması üçün əlavə dəstək mexanizmlərinə və mövcud problemlərin həllinə ehtiyac var.
Mövzu ilə bağlı “İnformator.az”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, xüsusilə kənd təsərrüfatı və digər sahələrdə vergi güzəştlərinin uzadılması sahibkarlar baxımından müsbət qərardır. Onun sözlərinə görə, bununla yanaşı, güzəştlərin tətbiq olunduğu əvvəlki dövrlərin nəticələri də ətraflı araşdırılmalıdır. Hansı sahələrdə irəliləyiş əldə edildiyi, hansı problemlərin qaldığı müəyyənləşdirilməli, ehtiyac yaranarsa, güzəştlərin əhatə dairəsi genişləndirilməlidir.
Azərbaycanda kiçik və orta sahibkarlığın dövlət büdcəsinin və ümumi daxili məhsulun formalaşmasında payı olduqca aşağıdır. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə bu göstərici təxminən 60 faiz olduğu halda, Azərbaycanda 10 faizə belə çatmır. Bu səbəbdən kiçik və orta sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən biri olmalıdır.
Natiq Cəfərli vurğulayıb ki, sahibkarların üzləşdiyi əsas çətinliklərdən biri investisiya üçün maliyyə vəsaitlərinin çatışmazlığıdır. Eyni zamanda, kredit faizlərinin yüksək olması da biznesin genişlənməsinə maneə yaradır. İqtisadçı hesab edir ki, bu problemlər ayrıca müzakirə edilməli, maliyyə əlçatanlığının artırılması və sahibkarlığın inkişafı üçün daha təsirli qərarlar qəbul olunmalıdır.
Fatimə Hüseynova