Qiymətlər artır, gəlirlər çatırmı? Əhalinin alıcılıq qabiliyyəti sual altında
Azərbaycanda qiymət artımları ailə büdcəsinə təsir göstərməkdə davam edir. Gəlirlərin artması isə hər zaman əhalinin alıcılıq qabiliyyətinin qorunması demək deyil.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, gəlirlərin artması ilə alıcılıq qabiliyyətinin yüksəlməsi eyni anlayışlar deyil:
"Burada əsas göstərici nominal gəlirlərin artımı deyil, həmin gəlirlərlə əvvəlkindən daha çox məhsul və xidmət əldə etmək imkanının olub-olmamasıdır. Əməkhaqqı və pensiyalar artsa da, ərzaq, kommunal xidmətlər, dərman və digər gündəlik tələbat məhsullarının bahalaşması bu artımın real iqtisadi təsirini zəiflədir. Buna görə də gəlirlərin yüksəlməsi bütün əhali qruplarının inflyasiyadan qorunduğu anlamına gəlmir".
Onun fikrincə, qiymət artımlarından ən çox aztəminatlı ailələr, pensiyaçılar, minimum əməkhaqqı alanlar və sabit gəlirlə yaşayan insanlar zərər görürlər:
"Çünki onların büdcəsində ərzaq, kommunal xidmətlər və digər zəruri xərclər daha böyük paya malikdir. Yüksək gəlirli ailələr bahalaşmanı müəyyən qədər qarşılaya bilsələr də, aşağı gəlirli ailələr üçün hətta kiçik qiymət artımı ciddi maliyyə çətinliyi yaradır. Xüsusilə ərzağa ayrılan xərclərin artması ailələri digər ehtiyaclarından imtina etməyə məcbur edə bilər".
Sonda bildirib ki, ilk növbədə inflyasiyanın, xüsusilə ərzaq qiymətlərindəki artımın qarşısı alınmalıdır:
"Bunun üçün yerli istehsal genişləndirilməli, kənd təsərrüfatında məhsuldarlıq artırılmalı, idxaldan asılılıq azaldılmalı və bazarda sağlam rəqabət təmin edilməlidir. Eyni zamanda, əməkhaqları və sosial ödənişlər artırılarkən inflyasiyanın real təsiri nəzərə alınmalıdır. Ekspert vurğulayır ki, yalnız maaş və pensiyaların artırılması problemi həll etmir. Əsas məqsəd nominal gəlirləri deyil, əhalinin real alıcılıq qabiliyyətini yüksəltmək olmalıdır".
Əlavə olaraq iqtisadçı Xalid Kərimli bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin nominal gəlirləri 9%-dən çox artır:
"Əməkhaqqı artmırsa, muzdlu işçilərin əməkhaqqı da 7,2% artır. İnflyasiya səviyyəsi isə 5,6–5,7%-dir.
Yəni bu rəqəmlərə baxanda inflyasiyanı da Dövlət Statistika Komitəsi verir, o birləri də. Bu rəqəmlərə baxanda görünür ki, əhalinin 2026-cı ildə gəlirlərinin artımı inflyasiyanın artımını üstələyir. İnflyasiyanın strukturunda ərzaq məhsulları təqribən 7% qalxır. Bu da ərzaq xərcləri isə kasıbların büdcəsində daha çox yer tutur. Bu onu göstərir ki, inflyasiya varlılardan çox kasıblara daha çox təsir edir. Çünki inflyasiya 5,6-5,7%-dir, amma ərzaq qiymətlərinin inflyasiyası 6,9-7%-dir. Kasıbın xərcinin içərisində isə ərzaq xərcləri daha çox olduğuna görə inflyasiya kasıblara daha çox təsir göstərir.
Hökumət indi büdcədə gəlir üçün yaşayış minimumunu artırır, minimum əməkhaqqının artırılması, minimum pensiyanın artırılması, ünvanlı sosial yardımların artırılması nəzərdə tutulub da. Yəni dövlət öz imkanları çərçivəsində əhalinin gəlirlərini artırmaq planlaşdırır".
Fatimə İbrahimova