00:00:00
Yazar
Elmira Ağayeva
12.11.2026 21:41 35 3 dəq oxuma
İqtisadiyyat

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?

 

 

Dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanın iqtisadiyyatına və əhalinin gündəlik həyatına mümkün təsirləri baxımından diqqət çəkir. Neft gəlirlərindən əhəmiyyətli dərəcədə asılı olan ölkədə qiymət dəyişikliklərinin yanacaq, ərzaq məhsulları və digər istehlak xərclərinə necə təsir göstərəcəyi, eləcə də neftin kəskin ucuzlaşmasının dövlətin iqtisadi dayanıqlılığı üçün hansı riskləri yarada biləcəyi aktual müzakirə mövzusudur.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, neftin dünya bazarında ucuzlaşmasının sadə vətəndaşın gündəlik həyatına təsiri dərhal deyil, müəyyən müddətdən sonra hiss olunacaq:

“Neftin dünya bazarında ucuzlaşması Azərbaycan iqtisadiyyatında sadə vətəndaşa təsir edəcək, amma bu təsir tədricən baş verəcək. Məsələn, neftin qiyməti əvvəl 60 dollar olub, daha sonra 110 dollara yüksəlib, indi isə 90 dollara düşüb. Buna baxmayaraq, qiymət yenə də yüksəkdir. Sadə vətəndaş ilkin olaraq neftin qiymətinin artmasından əziyyət çəkir. Bu, hansı formada özünü göstərir? Çünki idxal qiymətləri bahalaşır. Enerji qiymətlərinin ucuzlaşması isə idxal qiymətlərinin aşağı düşməsinə və mağazalarda daha sürətlə artan qiymətlərin azalmasına gətirib çıxara bilər. Lakin burada bir məqam var: neftin qiyməti bu gün düşür, sabah yenidən arta bilər. İstehsalçılar, satıcılar və pərakəndə ticarətlə məşğul olanlar uzunmüddətli orta qiymətlərə əsaslanaraq fəaliyyətlərini qururlar. Yəni qiymətin bir gün qalxıb, digər gün düşməsi onların dəyər zəncirinə dərhal təsir göstərmir. Məsələn, sahibkar məhsulun sifarişini neftin qiymətinin 110 dollar olduğu dövrdə veribsə və həmin məhsulu baha alıbsa, sonradan onu daha ucuz qiymətə satmaq istəməyəcək. 100 manata aldığı məhsulu 95 manata satmağa maraqlı olmayacaq, onu 110 manata satmaq istəyəcək. Hətta yeni alışlarda məhsulun qiyməti 95 manata düşsə belə, ilkin mərhələdə satıcı buna müqavimət göstərəcək. Çünki əvvəlki məhsulu baha qiymətə alıb. Ona görə də enerji qiymətlərinin düşməsi inflyasiyaya təsir göstərir, amma bu proses müəyyən mərhələlərlə və zaman ərzində baş verir”.

İqtisadçı neftin qiymətindəki mövcud ucuzlaşmanın Azərbaycanın iqtisadi imkanları üçün ciddi təhlükə yaratmadığını vurğulayıb. Onun sözlərinə görə, dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulduğu halda, hazırda dünya bazarında qiymətin 90 dollar ətrafında olması ölkəyə əlavə gəlir əldə etmək imkanı yaradır:

“Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatını indiki mərhələdə ciddi şəkildə sınağa çəkmir. Qiymət düşüb, amma hələ o qədər də aşağı səviyyəyə enməyib. Dövlət üçün kifayət qədər komfortlu vəziyyət mövcuddur. Dövlət büdcəsi neftin bir barelinin qiyməti 65 dollar götürülməklə planlaşdırılıb. Hazırda isə neftin qiyməti 90 dolların üzərindədir və dövlət əlavə qazanc əldə edib. Yəni qiymət 110 dollardan 90 dollara düşsə də, indiki vəziyyətdə dövlət üçün hər hansı ciddi zərər yoxdur. Amma təbii ki, dövlət həmişə neftin daha baha qiymətə satılmasında maraqlıdır”.

Xalid Kərimli Azərbaycanın neft gəlirlərindən asılılığının aradan qaldırılması məsələsinə də münasibət bildirib. İqtisadçı qeyd edib ki, hazırkı iqtisadi şəraitdə ölkənin Dövlət Neft Fondunun vəsaitlərindən istifadə etmədən fəaliyyət göstərməsi real görünmür. Onun sözlərinə görə, bu vəsaitlərin kəskin azalması dövlət büdcəsinin icrasında, eləcə də sosial və cari xərclərin maliyyələşdirilməsində ciddi problemlər yarada bilər:

“Ölkənin hazırda neft gəlirlərindən, Neft Fondunun vəsaitlərindən asılı olmadan fəaliyyət göstərməsi mümkün deyil. Bu, ciddi problemlərə gətirib çıxara bilər. Qiymətlərin artması, dövlət büdcəsinin icrasında çətinliklərin yaranması mümkündür. Hər il dövlət büdcəsinə Neft Fondundan təxminən 12 milyard manat vəsait köçürülür. Həmin 12 milyard manat büdcəyə daxil edilməsə, dövlətin cari və sosial xərclərinin icrasında problemlər yarana bilər”.

Gülnar Mustafayeva

#Neft #iqtisadiyyat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər