00:00:00
Yazar
Güllər Gülhüseynova
09.07.2026 19:08 24 2 dəq oxuma
Siyasət

NATO 50 milyard dollarlıq yeni satınalmalar və Ukraynaya 70 milyard avro yardım elan edib

NATO 50 milyard dollarlıq yeni satınalmalar və Ukraynaya 70 milyard avro yardım elan edib

NATO-nun Ankara Sammitinin yekun bəyannaməsi qəbul olunub.

 

Müttəfiqlər ümumi dəyəri 50 milyard ABŞ dollarını aşan yeni tədarük müqavilələri üzrə razılıq əldə ediblər.

 

Bəyənnamadə, həmçinin müttəfiqlər kollektiv istehsal imkanlarını artırmaq və innovasiyaları sürətləndirmək məqsədilə sənaye sektoru ilə birgə işləmək öhdəliyi götürdüklərini bəyan ediblər.

 

 Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında qeyd edib ki,NATO-nun Haaqa sammitində Rusiya alyans üçün əsas təhlükə kimi qiymətləndirilib və bildirilib ki, Moskva Avro-Atlantik təhlükəsizlik sistemi üçün ən ciddi təhdiddir:

 

“Bu, NATO-nun Rusiyaya qarşı çəkindirmə və dəstək siyasətini daha da gücləndirəcəyinə işarə kimi dəyərləndirilə bilər. Digər tərəfdən, Ukraynanın Rusiyanın dərinliklərində həyata keçirdiyi zərbələrin təsiri artıq hiss olunmaqdadır. Xüsusilə enerji infrastrukturuna hücumlar Rusiyanın enerji sektoruna ciddi zərbə vurur. Bunun iqtisadi, sosial və siyasi nəticələri ölkə daxilində narazılığın artmasına səbəb ola bilər. Eyni zamanda, Rusiyanın büdcə gəlirlərinin azalması Ukraynadakı müharibənin maliyyələşdirilməsini çətinləşdirir. Bu amillər birlikdə Moskvanın vəziyyətini daha da mürəkkəbləşdirir. Bu fonda NATO Ukraynaya dəstəyini artırır. Ayrılması nəzərdə tutulan 70 milyard avroluq yardım paketi Rusiyaya siyasi mesaj kimi də qiymətləndirilə bilər. Məqsəd Ukraynanın silah və hərbi texnika ilə təminatını gücləndirmək və onun müdafiə imkanlarını artırmaqdır. Bu şəraitdə Rusiya qarşısında seçim dayanır: ya əvvəlki siyasətini davam etdirərək müharibəni uzatmaq, ya da danışıqlar prosesinə qayıtmaq. Müharibənin uzanması Rusiya üçün hərbi və siyasi baxımdan daha ağır nəticələr doğura bilər. Belə ssenaridə işğal olunmuş ərazilərin, o cümlədən Krımın taleyi ilə bağlı yeni proseslər gündəmə gələ bilər ki, bu da Kreml üçün ciddi siyasi risklər yaradar”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, digər variant danışıqlar masasına qayıtmaqdır:

 

“Rəsmi Kiyev dəfələrlə bəyan edib ki, mümkün sülh razılaşmasının əsas şərti Rusiyanın işğal etdiyi bütün Ukrayna ərazilərindən, o cümlədən Krımdan qoşunlarını çıxarması və beynəlxalq səviyyədə tanınmış sərhədlərə qayıtmasıdır. Bu baxımdan, Rusiyanın qarşıdakı dövrdə hansı yolu seçəcəyi həm müharibənin gedişinə, həm də ölkənin daxili siyasi və iqtisadi vəziyyətinə ciddi təsir göstərəcək. Bütün bunlar Rusiya ilə Qərb arasındakı münasibətləri daha da gərginləşdirə bilər. Moskvanın əsas çəkindirici vasitəsi kimi nüvə arsenalına daha çox istinad etməsi ehtimalı da istisna edilmir. Bu isə beynəlxalq təhlükəsizlik baxımından əlavə risklər yaradır. Kremlinin bundan sonra atacağı addımlar Rusiyanın gələcək taleyi üçün həlledici əhəmiyyət daşıyacaq. Əks halda, Ukrayna müharibəsində Moskvanın daha ağır hərbi və siyasi nəticələrlə üzləşməsi ehtimalı arta bilər”.

 

Güllər Gülhüseynova

#baki #milyard #dollarlıq #satınalmalar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər