NATO-nun bölgədə rolu: Müdaxilə ehtimalı nə qədər realdır?
Son dövrlərdə Yaxın Şərq və ətraf regionlarda artan hərbi gərginlik beynəlxalq təşkilatların rolunu yenidən gündəmə gətirib. Xüsusilə, NATO-nun bölgədə mümkün iştirakı və müdaxilə ehtimalı geniş müzakirə olunur. Ekspertlər hesab edir ki, baş verən hadisələr təkcə regional deyil, qlobal təhlükəsizlik baxımından da ciddi əhəmiyyət daşıyır. Mövcud vəziyyətdə NATO-nun hansı addımlar ata biləcəyi və bunun nəticələrinin necə olacağı əsas suallardan biridir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, NATO-nun Türkiyədə "Patriot" sistemləri yerləşdirməsi Yaxın Şərqdə davam edən hərbi gərginliyə paralel olaraq, bu hərbi-siyasi alyansın qlobal məkana verdiyi önəmli mesaj hesab olunur:
“Belə ki, NATO-nun bu addımı yalnız hərbi-texniki tədbir deyil, həm də daha geniş geopolitik proseslərin tərkib hissəsi kimi qiymətləndirilir. Bu proses NATO üzrə digər müttəfiqlərlə koordinasiya çərçivəsində reallaşdırılır. Ancaq son baş verən hadisələrin geopolitik kontekstdə təhlili onu göstərir ki, bu yerləşdirmə yalnız müdafiə xarakteri daşımır. Yəni, bu, həm də potensial təhlükə mənbələrinə ünvanlanmış strateji xəbərdarlıq mesajı xarakteri daşıyır. Oxşar mexanizmlərin gələcəkdə digər regionlarda da tətbiqi mümkün ola bilər və bu, geniş geosiyasi dəyişikliklərin tərkib hissəsi kimi qiymətləndirilə bilər. NATO-ya üzv olan digər ölkələr də savaş təhlükəsindən israrla can atmağa çalışdıqlarından Hörmüz böhranı Qərb koalisiyasında daha dərin “çatları” üzə çıxartmağa başlayıb. Bu baxımdan, hesab etmək olar ki, Yaxın Şərqdəki hərbi eskalasiya həm də Qərb koalisiyası üçün ciddi sınağa çevrilə bilər. Yaxın Şərqdəki savaşın əsas ağırlıq mərkəzi artıq tədricən qlobal enerji sisteminin əsas faktorlarından olan Hörmüz boğazına doğru yönəlməyə başlayıb. Ona görə də, hesab etmək olar ki, növcud hərbi-siyasi gərginliyin mərkəzində indi dünyanın ən strateji dəniz keçidlərindən biri sayılan Hörmüz böğazı dayanır. Belə ki, bu dar su yolu Fars körfəzini Hind okeanı ilə birləşdirir və dünya neft ticarətinin böyük hissəsi məhz buradan keçir. Və qlobal enerji bazarının sabitliyi də böyük ölçüdə bu marşrutun təhlükəsizliyindən asılıdır. Təbii ki, məhz ona görə də prezident Donald Tramp ABŞ-nin NATO üzrə müttəfiqlərinə həmin bölgəyə hərbi gəmilər göndərməklə bağlı açıq çağırış edib. Bəzi məlimatlara görə, Ağ Ev sahibinin hazırda əsas məqsədlərindən biri də elə Hörmüz boğazı ətrafında beynəlxalq təhlükəsizlik koalisiyası formalaşdırmaqdan ibarətdir. Ancaq prezident Donald Trampın bu çağırışı gözlənildiyi qədər geniş dəstək qazanmadığından Ağ Ev sahibinin məqsədinin reallaşma ehtimalı o qədər də yüksək deyil. Məsələ ondadır ki, Türkiyə kimi, ABŞ-nin NATO üzrə digər müttəfiqləri də maksimum səviyyədə ehtiyatlı davranmağa üstünlük verirlər. NATO artıq dolayısı ilə tənliyə qarışıb. ABŞ NATO ölkəsidir. İsrail NATO üzvü olmasa da, NATO ilə çox sıx hərbi əməkdaşlıq edir. Buna görə də, müharibə alovlandıqca NATO-nun tənlikdən tamamilə kənarda qalması çox çətindir. Bununla belə, burada bir fərq qoymaq vacibdir. NATO-nun institusional işsirakı hazırda müharibənin bir hissəsidir. Yəni NATO-nun bir qurum olaraq müharibəyə daxil olması ilə NATO ölkələrinin bu çatışmanın bir parçası olması iki fərqli ssenaridir. Yəni indi gördüyümüz vəziyyət ikinci ssenariyə uyğun gəlir. bəzi NATO ölkələri prosesə hərbi müdaxilə edə bilər ancaq NATO-nun kollektiv əməliyyat keçirməsi mümkün deyil: Yəni başda Türkiyyə olaraq bəzi NATO ölkələri hərbi olaraq prosesə daxil ola bilər. Lakin NATO-nun bütün üzüvlərinin kollektiv hərbi əməliyyatı indiki mərhələdə mümkün görünmür.”
Gövhər Mehyəddinova