NZS qəsəbəsində məişət tullantıları yığılan ərazidə yanğın baş verib
Bakının Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılan ərazidə baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, görülən operativ tədbirlər nəticəsində yanğının ətraf əraziyə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinin qarşısı alınıb.
Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, məişət tullantılarının bir yerə qalaqlanaraq yanmasının əsas səbəbi tezalışan maddələrin bir arada olmasıdır. Belə olan halda, hətta təsadüfi bir qığılcım belə böyük alovun yaranmasına səbəb olur:
"Bunun qarşısını almaq üçün məişət tullantılarının bu miqyasda və bu ölçüdə toplanmamasına çalışmaq lazımdır. Tullantı qabları intensivlikdən asılı olaraq tez-tez boşaldılmalıdır. Sakinlərə də məsləhət görmək lazımdır ki, məişətdə yaranan tezalışan maddələri digər tullantılarla qarışıq şəkildə atmasınlar, onlar ayrıca yığılsın. Məsələn, plastiklər yanmağa çox meyilli olduqları üçün orqanik tullantılarla bir yerdə yanarkən daha zərərli maddələr ayrılır və onları söndürmək də bir qədər çətinləşir. Ümumiyyətlə, məişət səviyyəsində elə tədbirlər görülməlidir ki, həm insanların formalaşdırdığı tullantıların həcmi azalsın, həm zibillər lazımi qaydada çeşidlənsin, həm də ərazidən vaxtında və tez-tez daşınsın”.
Günel Əlili