Omanda ABŞ və İran arasında nüvə danışıqları başlayıb
Omanın paytaxtı Maskatda ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar başlayıb.
İranın xarici işlər naziri Abbas Əraqçi İran dövlət televiziyasına deyib ki, ölkəsi “ədalətli razılaşma” istəyir.
ABŞ prezidenti Donald Tramp ABŞ-ni 2018-ci ildə İran və dünya qüdrətləri arasında əvvəlki nüvə sazişindən çıxarıb və uzun müddətdir ki, “daha yaxşı” razılaşma əldə edəcəyini bildirib. İndiyədək İran sazişi yenidən müzakirə etməkdən imtina edib.
Yeni danışıqlar razılığın əldə edilib-edilməyəcəyini müəyyən etmək üçün mühüm ilk addım kimi qiymətləndirilir, şənbə günü keçiriləcək görüşlərdə danışıqlar üçün çərçivənin yaradılmasına diqqət yetiriləcəyi gözlənilir.
Bu, Trampın prezidentlik dövründən bəri ən yüksək səviyyəli danışıqlardır, lakin iki tərəfin eyni otaqda oturub oturmayacağı bəlli deyil.
Əraqçi dəfələrlə vurğulayır ki, bu mərhələdə dolayı danışıqlar ən yaxşısıdır.
ABŞ nümayəndə heyətinə rəhbərlik edən prezident Trampın nümayəndəsi Steve Witkoff yalnız üzbəüz görüşdən danışıb. Amma ən mühüm məsələ hər iki tərəfin hansı sövdələşməni qəbul edəcəyidir. Prezident Tramp yalnız deyib ki, İran nüvə silahına malik ola bilməz.
İran sanksiyaların yumşaldılması müqabilində nüvə proqramını məhdudlaşdırmaq, lakin ləğv etmək deyil, razılaşmaya ümid edir.
"Niyyətimiz bərabər mövqedən ədalətli və şərəfli razılaşma əldə etməkdir və əgər qarşı tərəf də eyni mövqedən çıxış edərsə, ümid edirik ki, danışıqlar yoluna aparacaq ilkin anlaşma şansı olacaq", - deyə Əraqçi bildirib.
O, əlavə edib ki, onunla birlikdə gələn komanda "bu xüsusi sahədə bilikli və bu mövzuda danışıqlar tarixi olan" mütəxəssislərdən ibarətdir.
ABŞ prezidenti Donald Tramp keçən ay Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə İranın ali rəhbərinə məktub göndərərək, İranın nüvə silahına sahib olmasının qarşısını almaq və ABŞ və İsrailin mümkün hərbi zərbələrinin qarşısını almaq üçün razılaşma əldə etmək istədiyini bildirib.
BBC
Nəzrin Məmmədova