Orban: Macarıstan müharibələrdən kənarda qalacaq
Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin beynəlxalq hərbi münaqişələrə cəlb olunmayacağını bildirib. Budapeştdə tərəfdarları qarşısında çıxış edən Orban vurğulayıb ki, Macarıstan təhlükəsizlik və sabitlik adası olaraq qalmalıdır. O, Brüssel və digər xarici mərkəzlərdən gələn təzyiqləri tənqid edərək, siyasi və enerji təhlükəsizliyi ilə bağlı qərarların yalnız Budapeştdə verilməli olduğunu qeyd edib.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, macarıstanın bu mövqeyi Avropa Birliyi daxilində ciddi narazılıqla qarşılanır:
“Macarıstan xüsusilə, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü məsələsində Avropada ən təmkinli mövqe sərgiləyən ölkələrdən biridir və bu, təsadüfi deyil. Macarıstanın bu məsələdə öz milli maraqları mövcuddur. Belə ki, Ukraynanın qərbində tarixi baxımdan Macarıstana məxsus olmuş ərazilər var və hazırda həmin bölgələrdə təxminən 150 min macar əsilli Ukrayna vətəndaşı yaşayır. Bu münaqişənin mümkün nəticələri fonunda Macarıstan bu amili də nəzərə alır və bu ölkənin Rusiyaya qarşı daha loyal mövqe tutmasının əsas səbəblərindən biridir. Bu yanaşma Avropa Birliyi ölkələri müsbət qarşılanmır və tərəflər arasında münasibətlərin gələcəkdə daha da gərginləşməsi istisna edilmir. Avropa Birliyi vasitəsilə Macarıstana qarşı daha sərt addımların atılması da mümkündür”.
Azər Həsrət bildirib ki, alyans qarşılıqlı öhdəliklər əsasında fəaliyyət göstərir və ortaq qərarlar qəbul edildiyi halda Macarıstan da bu qərarlarda iştirak etməyə məcbur olacaq:
“Lakin hazırkı mərhələdə, istər Rusiyanın Ukraynaya təcavüzü, istərsə də digər regional məsələlər üzrə NATO daxilində vahid hərbi qərar olmadığından, Macarıstanla alyans arasında ciddi gərginlik müşahidə edilmir. Viktor Orban uzun illərdir ölkə daxilində güclü siyasi mövqeyə malikdir və əhalinin böyük hissəsinin dəstəyini qoruyub saxlayır. Macarıstanın Türk Dövlətləri Təşkilatında iştirakı və Orbanın bu istiqamətdə apardığı siyasət də ölkənin mövqelərini gücləndirir. Macarıstanın müharibələrdən uzaq qalmaq siyasəti ölkə ictimaiyyəti vasitəsilə dəstəklənir və bu kurs Viktor Orbanın daxili siyasi mövqelərini daha da möhkəmləndirəcək. Heç bir xalq müharibəyə cəlb olunmaq istəmir və bu baxımdan Orbanın mövcud siyasəti Macarıstan üçün məqbul hesab olunur”.
Mələk Hüseynova