Özbəkistan-Qazaxıstan birgə hərbi təlim keçirdi
Özbəkistan və Qazaxıstan silahlı qüvvələrinin birgə hərbi təlimi başa çatıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Özbəkistan Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Daşkənd yaxınlığındakı Angren poliqonunda Özbəkistan və Qazaxıstan silahlı qüvvələrinin təşkil etdiyi “Kalkan-2023” birgə hərbi təlimi başa çatıb.
Ötən həftə başlayan birgə təlim çərçivəsində iki ölkənin silahlı qüvvələri ölkə ərazisinə qeyri-qanuni soxulmuş silahlı dəstələrin zərərsizləşdirilməsi üçün qurudan və havadan əməliyyatlar həyata keçirib. Silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi məqsədilə təşkil edilən birgə təlimdə hər iki ölkədən 100-ə yaxın əsgər iştirak edib.
Təlim çərçivəsində zirehli texnika və hərbi texnika ilə yanaşı, pilotsuz uçuş aparatları və hərbi helikopterlərdən də istifadə edilib.
Qeyd edək ki, Özbəkistan və Qazaxıstanın ilk dəfə hərbi əməkdaşlıq sazişi 2017-ci ilin avqustunda imzalanıb.
