“Paşinyan cəmiyyətinin böyük qismini sülhə hazırlaya bilib”
Biz sərt reallıqla üzləşdik, Ermənistanın müstəqliyi və suverenliyinin qorunub saxlanılması üçün “artsax”dan qurtulmaq lazım idi.
Mövzu ilə bağlı AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az“a açıqlamasında bildirib ki, Ermənistanın bundan sonrakı iqtisadiyyatında təbii ki, sıçrayış müşahidə olunacaq:
“Onsuzda uzun illər idi ki, hər kəs İrəvanın Bakı və Ankara ilə münasibətləri bərpa etmədən bataqlıqdan çıxa bilməyəcəyini dilə gətirirdi. Nəticə göz önündədir, amma istənilən halda zaman keçib, bu zamanın boşuna verilməsinin səbəbkarı elə Ermənistanın özüdür. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Ən nəhayətdə erməni baş nazir Nikol Paşinyanın timsalında bunu anlayan bir rəhbər Ermənistanda hökumət başına keçdi. Artıq erməni cəmiyyətinin də münaqişədən doyduğu son dönəmlərdə açıq müşahidə olunur. Belə ki, Azərbaycanla Ermənistanda arasında sülhə doğru bu qədər irəliləyiş müşahidə olunur. Amma biz erməni cəmiyyətində buna etiraz ruhunu görmürük. Halbuki, əvvəllər belə deyildi. Radikallar, yəni rövanş hissi ilə alışıb-yananlar üstünlük təşkil edirdi. Bütün bunlar onu göstərir ki, Paşinyan müəyyən qədər çətinlik çəksə də, erməni cəmiyyətinin böyük kəsimini sülhə hazırlaya bilib. Hər halda 8 avqustda Ağ Evdə əldə olunan sülh öncəsi paraflanma sənədi bunu deməyə əsas verir. Hesab edirəm ki, Rusiya da artıq buna görə çox da dərinə getməyəcək, yəni erməni xalqının böyük kəsiminin sülh istəyi ilə barışmalı olacaq. Kreml Köçəryan-Sərkisyan kimi keçmiş prezidentlər vasitəsilə nəsə etməyə çalışdı, amma rövanşist qüvvələrin nüfuz cəhətdən Paşinyana uduzduqları ilə barışmağa məcbur qaldı. Onun üçün də Rusiya forpostu olduğu Ermənistanla bundan sonra tamam fərqli siyasət yürüdəcək. Çünki, artıq görür ki, Qərb İrəvan üzərindən regionda nüfuz sahiblərindən birinə çevrilmək istəyir. Yekun olaraq, bildirim ki, Ermənistan üçün yeganə nicat yolu Azərbaycan və Ermənistanla münasibətləri düzəltməkdir. Bu da get-gedə alınmağa doğru gedir”. 

Aytac İbrahimova