Polisin öldürdüyü gəncin ailəsinə təzminat ödəniləcək
ABŞ-da polisin müdaxiləsi nəticəsində ölən gəncin ailəsinə 19 milyon dollar təzminat ödənilib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kolorado ştatında psixi problemi olan gəncin polis tərəfindən öldürülməsinə görə ailəyə 19 milyon dollar təzminat ödəniləcək.
22 yaşında dünyasını dəyişən Kristian Qlasın ailəsi sözügedən iş üzrə 19 milyon dollar təzminat ödənilməsi üçün əyalət və yerli hakimiyyət orqanları ilə razılıq əldə edildiyini açıqlayıb. Ailə qeyd edib ki, bənzər hadisələr zamanı polis müdaxiləsi üzrə təlimlərin təşkil olunması da barışıq şərtlərinə daxildir.
Ailə polisi Qlasın psixoloji vəziyyətini qiymətləndirmədən müdaxilə edərək onun ölümünə səbəb olmaqda ittiham edib.
Qeyd edək ki, Qlas ötən il dağlıq bir ərazidə maşınında köməksiz qalıb və polisdən yardım istəyib. Polis Qlasın halüsinasyonlar gördüyünü və kimlərsə tərəfindən təqib olunduğunu düşündüyünü bildirib. Hadisə yerinə gələn polis qrupları avtomobilindən düşmək istəməyən zaman şüşəni sındıraraq əvvəlcə gözyaşardıcı qaz, daha sonra elektroşok tapançası ilə ona müdaxilə ediblər. Qlasın bıçaq çıxardığını görən Endryu Buen adlı polis 22 yaşlı gənci silahla vurub.
Aydan
