00:00:00
Yazar
Nərmin Həşimova
20.04.2026 17:27 22 2 dəq oxuma
Sosial

 

QR kodla məktəbə giriş: Davamiyyətə yeni nəzarət sistemi

 QR kodla məktəbə giriş: Davamiyyətə yeni nəzarət sistemi

Məktəblərdə davamiyyətin daha dəqiq və operativ izlənməsi üçün yeni texnologiya tətbiq olunur. Artıq bəzi təhsil müəssisələrində şagirdlər məktəbə daxil olarkən QR kod sistemi vasitəsilə qeydiyyatdan keçir. Bu yenilik valideynlərə övladlarının məktəbə gəlib-getməsi barədə anında məlumat alma imkanı yaradır. Məqsəd həm təhlükəsizliyi artırmaq, həm də davamiyyətə nəzarəti gücləndirməkdir.

 

Mövzu ilə bağlı  Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, məktəblərdə texnologiyanın bu dərəcədə sürətlə təhsil mühitinə inteqrasiya olunması, əslində, idarəetmədə yeni bir mərhələnin başlanğıcıdır:

 

“QR kod sistemi ilk baxışda sadə bir texniki yenilik kimi görünsə də, mahiyyət etibarilə təhsilin ən yaralı yeri olan intizam və "boş qalan partalar" probleminə qarşı çox ciddi bir rəqəmsal sipərdir. Bu sistem davamiyyət məsələsini sadəcə kağız üzərindəki qeydlərdən çıxarıb canlı və şəffaf bir prosesə çevirir. Artıq müəllimin dərsin ilk 10 dəqiqəsini adbaad jurnal oxumağa sərf etməsinə ehtiyac qalmır: sistem kimin binada olub-olmadığını saniyələr içində müəyyən edir. Bu da o deməkdir ki, kəmiyyət göstəriciləri artıq manipulyasiya edilə bilməz, hər şey rəqəmsal izlərlə təsdiqlənir. Valideynlərin anında məlumat alması isə şagird üzərində "görünməz bir nəzarət mexanizmi" yaradır, bu da məsuliyyət hissinin formalaşmasında həlledici rol oynayır. Etiraf edək ki, bəzən şagirdlər məktəbə gəlmək adı ilə evdən çıxıb başqa istiqamətlərə yönələ bilirlər”.

 

Ekspert həmçinin bildirib ki, indi övladının məktəbə girdiyini telefonunda bildirişlə görən valideyn həm arxayın olur, həm də övladı ilə məktəb arasında qopmuş o rabitəni bərpa edir:

 

“Şagird isə bilir ki, onun hər addımı, daha doğrusu, məsuliyyətsizliyi anında ailəsinə məlum olacaq. Bu, şagirdi qorxu altında saxlamaq deyil, əksinə, ona öz zamanını və öhdəliklərini düzgün idarə etməyi öyrədən bir intizam məktəbidir. Əlbəttə, rəqəmsallaşma olan yerdə şəxsi məlumatların təhlükəsizliyi sualı da qaçılmazdır. Lakin narahatlığa ciddi əsas görmürəm, çünki bu sistemlər adətən qapalı daxili şəbəkələr üzərindən işləyir. Şagirdin QR kodu onun biometrik məlumatı və ya şəxsi sirri deyil, sadəcə sistem daxilindəki identifikasiya nömrəsidir. Məlumatlar kənar şəxslərə deyil, yalnız məktəb rəhbərliyi və valideynə ötürüldüyü üçün burada gizlilik pozulmur, əksinə, təhlükəsizlik mühiti daha da möhkəmlənir. Bu sistemin genişlənməsi gələcəkdə "kağızsız məktəb" modelinə keçidimiz üçün həm də çox vacib bir infrastruktur bazasıdır”.

 

Cavahir Əsgərbəyli

#təhsil #məktəb #nəzarət #davamiyyət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər