Qəzza üçün müvəqqəti komitə yaradılacaq
Fələstin Baş naziri Məhəmməd Mustafa Qəzza zolağını idarə etmək üçün tezliklə müvəqqəti komitə elan edəcəklərini açıqlayıb.
Misirə rəsmi səfər edən Baş nazir Mustafa, Misirin xarici işlər naziri Bədr Əbdülati ilə birlikdə Qəzza ilə Misir arasındakı Rəfah sərhəd-keçid məntəqəsində mətbuat konfransı keçirib.
Mustafa bildirib: “Qəzza zolağını idarə etmək üçün tezliklə müvəqqəti komitə elan edəcəyik”. O, həmçinin vurğulayıb ki, Rəfah sərhəd-keçid məntəqəsi xalq üçün həyat qapısı olmalıdır və İsrailin xalqı aclıqla sınağa çəkmək və yurd-yuvasından didərgin salmaq siyasəti qəbuledilməzdir.
Baş nazir deyib: “Beynəlxalq ictimaiyyət daha təsirli addımlar ataraq İsraili blokada və aclıq siyasətini dayandırmağa məcbur etməlidir”. O, Qəzzanın hər iki hissəsini birləşdirməyi hədəflədiklərini də əlavə edib.
Mustafa qeyd edib ki, Qəzzada müharibənin dayandırılması və yenidən quruculuğa başlanılması üçün vaxt itirməyə dəyməz. Onun sözlərinə görə, Qəzza zolağında “yeni bir siyasi təşkilat” yaratmaq əvəzinə mövcud rəsmi institutların fəaliyyətini yenidən bərpa edəcəklər.
Fələstin Baş naziri əlavə edib ki, Qəzzanın yenidən qurulması məqsədilə Qahirədə konfrans təşkil etmək üçün Misirlə əməkdaşlığı davam etdirirlər.
TRT HABER
Solmaz Muradova