00:00:00
Yazar
Nərmin Həşimova
09.07.2026 18:31 34 2 dəq oxuma
Sosial

Rəqəmsal cihazlardan uzun müddət istifadə orqanizmə necə təsir edir?- AÇIQLAMA
 

Rəqəmsal cihazlardan uzun müddət istifadə orqanizmə necə təsir edir?- AÇIQLAMA

Müasir dövrdə smartfonlar, planşetlər və digər rəqəmsal cihazlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu texnologiyalar ünsiyyət qurmağı, məlumat əldə etməyi və işləməyi asanlaşdırsa da, onların uzunmüddətli istifadəsi insan sağlamlığına müxtəlif mənfi təsirlər göstərə bilər.


Mövzu ilə bağlı nevroloq Rəna Abbasova  “İnformator.az”a  açıqlamasında bildirib ki, uzun müddət telefon və ya rəqəmsal cihazlardan istifadə sinir sistemini birbaşa zədələmir: 


"Lakin burada yaş faktoru da nəzərə alınmalıdır. Kiçik yaşlı uşaqlarda telefonlarda müxtəlif qısa və rəngli videoların izlənməsi, həmçinin maraqlı oyunlardan istifadə onlarda maraq yaratdığı üçün bu cihazlardan çox istifadə edirlər. Bunu məktəbəqədər və məktəb yaşlı uşaqlarda da müşahidə edirik. Birincisi, bu vərdiş diqqət dağınıqlığına səbəb olur.  İstər ailədə, istər məktəbdə, istərsə də başqa mühitdə uşağın cəmiyyətdən uzaqlaşmasına, izolyasiya olunmasına gətirib çıxara bilər. Yəni, bir küncə çəkilib yalnız videolara baxır və ya oyun oynayır. Bu da uşaqların ünsiyyətdən uzaqlaşmasına səbəb olur. Uzun müddət telefon və ya planşetlə məşğul olduqda, oyun oynadıqda boyun, kürək və bel əzələlərində gərginlik və ağrılar yarana bilər. Xüsusilə kiçik yaşlardan bu vərdiş olarsa, müxtəlif onurğa deformasiyalarının yaranmasına səbəb ola bilər".


Nevroloqun sözlərinə görə, orta və böyük yaşlarda da diqqətin azalması müşahidə oluna bilər: 


"Məsələn, sükan arxasında olarkən telefon tez-tez bildirişlər göndərirsə və insan buna baxmağa öyrəşibsə, bu, diqqətin qısa müddətə dağılmasına və nəticədə yol qəzalarının baş verməsinə səbəb ola bilər. Bu, insan orqanizminin birbaşa somatik zədələnməsindən daha çox funksional pozulmalara gətirib çıxarır. Diqqətin dağılması, əsəbilik, qorxu, gərginlik və həyəcan kimi hallara səbəb ola bilər. Ümumiyyətlə, telefondan düzgün və yalnız lazım olduqda istifadə etmək lazımdır. Əgər insan hiss edirsə ki, hər hansı ciddi işlə məşğul olarkən telefon ona mane olur, onu kənara qoymalı və telefona baxmamalıdır. İstirahət zamanı ümumiyyətlə telefondan istifadə olunmamalıdır. Amma təəssüf ki, telefon, planşet və digər rəqəmsal cihazlar müasir dövrdə insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Sadəcə, zamanla bu vərdişlərdən uzaqlaşmaq lazımdır. Telefon və ya planşetdən istifadə beyin qan dövranına birbaşa təsir etmir. Yalnız yaşlı insanlarda uzun müddət eyni vəziyyətdə qalmaq müəyyən gərginlik yarada bilər. Hərəkətə başlayarkən başgicəllənmə yarana bilər. Uzun müddət eyni vəziyyətdə qalmaq boyun ağrılarına və gərginliyə səbəb ola bilər ki, bu da müəyyən mənada təzyiqin dəyişməsinə səbəb olsun. Amma demək olmaz ki, birbaşa beyin qan dövranının pozulması telefon və ya planşetdən istifadədən asılıdır".


Mehriban Yariyeva

#istifadə #xəbər #edir?- #azərbaycan #necə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər