00:00:00
Yazar
Zəhra Həsənova
15.07.2026 20:49 39 4 dəq oxuma
Sosial

“Radionun gələcəyi süni intellektlə insanın rəqabətində deyil, əməkdaşlığındadır” - Səbinə İzzətli

“Radionun gələcəyi süni intellektlə insanın rəqabətində deyil, əməkdaşlığındadır” - Səbinə İzzətli

Şuşada keçirilən tədbirdə “Radio sənayesinin inkişafı üçün uğurlu həllər: Aİ və yeni formatlar” mövzusunda müzakirələr aparılıb. Paneldə süni intellekt texnologiyalarının radio yayımına inteqrasiyası, rəqəmsal platformaların yaratdığı yeni imkanlar, auditoriya ilə qarşılıqlı əlaqənin gücləndirilməsi və media bazarında innovativ yayım formatlarının tətbiqi məsələləri diqqət mərkəzində olub. İştirakçılar radio sektorunun rəqabət qabiliyyətinin artırılması və dəyişən media mühitinə uyğunlaşması üçün müasir texnologiyaların əhəmiyyətini vurğulayıblar.

 

Mövzu ilə bağlı media eksperti Səbinə İzzətli “İnformator.az”a açıqlamasında bildirib ki, son illərin media tədqiqatları süni intellektin radionu əvəz edən deyil, onu inkişaf etdirən və yenidən formalaşdıran texnologiya olduğunu göstərir:

 

“Son üç ilin beynəlxalq araşdırmaları süni intellektin radio yayımına üç əsas istiqamətdə təsir etdiyini ortaya qoyur. Birinci istiqamət fərdiləşdirilən məzmunun təqdim olunmasıdır. Bunu Spotify və digər rəqəmsal audio platformalarının təcrübəsində görürük. Dinləyicilər artıq hamı üçün eyni məzmunu deyil, maraq və seçimlərinə uyğun fərdiləşdirilən xəbər, musiqi və podkastlara üstünlük verirlər. Bu tendensiya radionu daha fərdi və auditoriya yönümlü məzmun hazırlamağa sövq edir.

İkinci istiqamət redaksiya proseslərinin avtomatlaşdırılmasıdır. Bu gün süni intellekt xəbərlərin transkripsiyası, tərcüməsi, mətnlərin səsləndirilməsi, audio montaj və arxivləşdirmə kimi texniki işləri daha sürətli yerinə yetirə bilir. Reuters İnstitutu və Avropa Yayım Birliyinin hesabatlarında da qeyd olunur ki, bu texnologiyalar jurnalistləri rutin işlərdən azad edir və onların araşdırma, təhlil, faktların yoxlanılması və keyfiyyətli məzmun istehsalına daha çox vaxt ayırmasına imkan yaradır. Üçüncü istiqamət auditoriyanın daha yaxşı öyrənilməsidir. Süni intellekt dinləyicilərin hansı mövzulara maraq göstərdiyini, hansı proqramları daha uzun müddət dinlədiyini real vaxt rejimində təhlil edə bilir. Bu məlumatlar radio rəhbərliyinə proqram siyasətini auditoriyanın tələblərinə uyğun qurmağa kömək edir. Beynəlxalq tədqiqatlar bir məqamı xüsusilə ön plana çıxarır. Süni intellekt jurnalisti əvəz etməyəcək. Radioda dinləyicinin etimadını yaradan əsas amillər peşəkar redaktorun qərarları, canlı ünsiyyət, yerli kontekst və etik jurnalistikadır. Radionun gələcəyi süni intellektlə insan arasında rəqabətdə deyil, onların əməkdaşlığındadır. Süni intellekt texniki və analitik işləri üzərinə götürəcək, jurnalist isə yaradıcılıq, faktların yoxlanılması və etibarlı məzmunun hazırlanmasında əsas rolunu qoruyacaq”.

 

Səbinə İzzətli əlavə edib ki, hazırda rəqabət ənənəvi radio ilə rəqəmsal platformalar arasında deyil:

 

“Rəqabət müxtəlif platformalarda təqdim olunan məzmunun keyfiyyəti və istifadəçi təcrübəsi arasındadır. Radio artıq yalnız FM tezliyində yayımlanan media deyil. O, podkastlar, mobil tətbiqlər, sosial şəbəkələr, video platformalar və ağıllı cihazlar vasitəsilə dinləyiciyə çatan çoxplatformalı audio media formatına çevrilir. Beynəlxalq təşkilatlar, o cümlədən Ofcom və digər qurumların hesabatları göstərir ki, xüsusilə, gənc auditoriya istədiyi vaxt dinləyə bildiyi “on-demand” audio məzmuna üstünlük verir. Buna görə radio stansiyaları yalnız canlı yayımla kifayətlənməməli, podkastlar, qısa audio xəbərlər, video-radio və sosial media üçün xüsusi hazırlanan məzmunlar da təqdim etməlidirlər. Media nəzəriyyəsində bu proses konvergensiya adlanır. Yəni bir media məhsulu müxtəlif platformalarda, fərqli formatlarda təqdim olunur və auditoriya həmin məzmunu istədiyi cihazdan izləyə və ya dinləyə bilir. Bu yanaşma radionun əhatə dairəsini genişləndirir və yeni dinləyicilər qazanmasına kömək edir. Uğurlu radio həm efirdə, həm də rəqəmsal platformalarda eyni dərəcədə aktiv olmalı, auditoriyanın dəyişən vərdişlərinə uyğunlaşmalıdır. Gələcəyin radiosu təkcə yayımçı deyil, müxtəlif platformalarda keyfiyyətli audio məzmun təqdim edən rəqəmsal media brendi olacaq. Süni intellektin redaksiya proseslərinə inteqrasiyası zamanı peşəkar yanaşma vacibdir. Bu gün media qurumları süni intellektdən istifadə edir. Lakin bunun tətbiqi müəyyən standartlar və etik qaydalar çərçivəsində həyata keçirilməlidir. Beynəlxalq media qurumlarında süni intellektdən istifadə ilə bağlı xüsusi bələdçilər mövcuddur. Həmin sənədlərdə jurnalistlərin auditoriya qarşısında öhdəlikləri aydın şəkildə müəyyən edilir. Jurnalistlər bu sahədə maarifləndirilməlidirlər. Yeni texnologiyaların heç bir qayda olmadan tətbiqi problemlər yarada bilər. Süni intellektdən istifadə zamanı auditoriyanı aldatmamaq, şəffaf olmaq və etik prinsiplərə əməl etmək vacibdir”.

 

Ekspert hesab edir ki, radio sənayesinin inkişafı üçün auditoriya ölçmə sistemləri də müasirləşdirilməlidir:

 

“Media mütəxəssislərinin yeni texnologiyalar üzrə hazırlığı gücləndirilməli, auditoriya ölçmə sistemləri yenilənməlidir. Auditoriya düzgün ölçülməlidir ki, təqdim olunan məzmunun keyfiyyətini dəqiq qiymətləndirmək mümkün olsun. Texnologiyalar bu imkanı yaradır. Əsas məsələ onların yerli radio sənayesinə düzgün tətbiq edilməsidir. Beynəlxalq təcrübə radionun gələcəyinin texnologiya ilə peşəkar jurnalistin əməkdaşlığından keçdiyini göstərir. Azərbaycanın əsas hədəfi rəqəmsal, çoxplatformalı və auditoriya yönümlü radio modelinə keçid olmalıdır. Bunun üçün həm jurnalistlərin texnoloji bilikləri artırılmalı, həm də auditoriya ölçmə modelləri təkmilləşdirilməlidir”, - deyə ekspert fikrini yekunlaşdırıb.

 

Fatimə Hüseynli

#gündəm #süni #insanın #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər