RUSİYA İQTİSADİYYATI ÇÖKÜR
Rusiya iqtisadiyyatı artıq müharibənin yaratdığı çətinliklər qarşısında tab gətirə bilmir. 18 aydır birja dəyəri qorunan rubl dollar qarşısında sürətlə ucuzlaşır. Üstəlik milli valyutanın dəyər itirməsi rusların ölkədən axınına da səbəb ola bilər.
Müharibə, səfərbərlik və rusların xaricə kütləvi köçü... Bütün sadalananlarla yanaşı Qərbin sanksiyaları ilə də sınağa çəkilən Rusiya iqtisadiyyatı özünün ən çətin dövrünü yaşayır. Xarici valyutalara qarşı ciddi dəyər itirən Rusiya rublu 2020-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb.
İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, müharibənin ilk aylarından sonra 70-80 aralığında saxlanılan dollar-rubl pariteti avqust ayı ilə birlikdə yüksəlməyə başlayıb. Rublun ucuzlaşması sürətlənərkən ötən həftəsonu 1 dollar 101 rubla, 1 avro isə 110 rubla çatıb. Rublun ciddi dəyər itkisinə qarşı növbədənkənar iclas keçirən Rusiya Mərkəzi Bankı mənfi gedişatı dəyişmək üçün uçot dərəcəsini 8,5 faizdən 12 faizə qaldırıb. Kritik həmlədən sonra dollar-rubl pariteti 96-ya qədər geriləsə də hazırda rublun birja dəyəri o qədər də ürək açan deyil. Rusiyalı iqtisadçıların fikrincə, faiz dərəcələrinin artırılması qərarının müharibə davam etdiyi müddətdə effektivliyi müvəqqəti olacaq. Mütəxəssislər digər amillərlə yanaşı idxalın və yay mövsümündə Rusiya vətəndaşlarının valyuta tələbatının artmasının da rublun ucuzlaşmasına ciddi təsir etdiyini bildirirlər.
İqtisadçı Rəşad Həsənov deyir ki, Rusiya iqtisadiyyatına əsas zərbəni artıq 100 milyard dollara çatan hərbi xərclər vurur. Ölkə Ukrayna münaqişəsinə görə daha çox silah istehsal edir. Əlavə dəyər yaratmayan bu cür istehsal isə iqtisadi vəziyyəti ağırlaşdırır. “Valyuta daxilolmalarına təsir edən digər mühüm amil Rusiyanın neft və təbii qaz satışından əldə etdiyi gəlirin 2022-ci illə müqayisədə 45 faiz azalmasıdır. Rusiya rəhbərliyinin ixracda dollar və avro əvəzinə Çin və Hindistan valyutaları ilə əməliyyatlar aparması da iqtisadi geriləmənin qarşısını ala bilmir. Digər tərəfdən dolların məzənnəsinin artması ilə əlaqədar Rusiyada xarici vətəndaşların qazancı azalır və getdikcə ölkə daxilindəki gəlirləri ilə müqayisə olunmağa başlayır. Əmək miqrantlarının xaricə axınının ilk növbədə ən az maaş olan sahələrdə - pərakəndə satış, iaşə, təmizlik, ictimai iaşə, kuryer çatdırılması, kənd təsərrüfatında özünü göstərir. İqtisadçıların rəylərinə görə Qərbli investorlardan sonra əmək miqrantlarının üçdə birinin də ölkəni tərk edəcəyi ehtimalları reallaşarsa Rusiya dərin tənəzzül yaşaya bilər”.
Son proqnozlar Rusiya iqtisadiyyatında azalmanın davam edəcəyi yöndədir. Gələcək üçün verilən bu cür şərhləri beynəlxalq təşkilatlarla yanaşı Rusiya rəsmiləri də təsdiqləyirlər. Hesablama Palatası "hər hansı stresli vəziyyət olmadığı" təqdirdə, gələn il üçün 1 faiz azalma proqnozlaşdırsa da, müstəqil ekspertlər ilin sonuna qədər Rusiya iqtisadiyyatının 6,5 faiz azalacağı qənaətindədirlər. Bir çox iqtisadçılar Rusiya iqtisadiyyatının 2024-cü ildən başlayaraq çox yavaş templə - ildə təxminən 1-1,5% böyüməyə başlayacağını gözləsə də, bu fikiri dəstəkləməyən analitiklər də var. Onların fikrincə Rusiya iqtisadiyyatında müharibə bitsə belə, hələ uzun müddət artım olmayacaq.
İSMAYIL
