Rusiya Prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub
Vladimir Putin və Məsud Pezeşkian telefon danışığı zamanı Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər. Dövlət başçıları aprelin 11-də İslamabadda keçirilən İran-ABŞ danışıqları ilə bağlı da müzakirə aparıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, baş tutan telefon danışığında əsas diqqət regional təhlükəsizlik, Yaxın Şərqdə artan gərginlik və xüsusilə ABŞ-İran münasibətlərinin hazırki vəziyyətinə yönəlib:
“Tərəflər İslamabad görüşündən sonra yaranan qeyri-müəyyənliyi, mümkün eskalasiya risklərini və diplomatik kanalların açıq saxlanmasının vacibliyini müzakirə ediblər. Eyni zamanda enerji bazarları, nəqliyyat marşrutları və regional sabitliyə təsir edə biləcək amillər də gündəmdə olub. Bu tip təmaslar göstərir ki, Moskva və Tehran arasında koordinasiya yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, daha geniş geosiyasi kontekstdə formalaşır”.
Politoloq qeyd edib ki, Putinin ABŞ–İran münasibətlərinə yanaşması əsasən balanslaşdırıcı və praqmatik xarakter daşıyır:
“Rusiya açıq qarşıdurmanın dərinləşməsində maraqlı deyil, çünki bu, regionda qeyri-sabitliyi artırmaqla yanaşı, nəzarətsiz proseslərə yol aça bilər. Moskva gərginliyin tam aradan qalxmasını da prioritet hesab etmir, çünki müəyyən səviyyədə qarşıdurma Rusiyanın regional təsir imkanlarını və geosiyasi rolunu gücləndirir. Bu baxımdan Kremlin marağı ondan ibarətdir ki, ABŞ ilə İran arasında münasibətlər nə tam normallaşsın, nə də açıq müharibə mərhələsinə keçsin. Yəni, Rusiya üçün optimal ssenari idarə olunan gərginlik və bu prosesdə vasitəçi və ya təsirli faktor kimi mövqeyini qorumaqdır”.
Nurgün Qənizadə