Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiya və İran Prezidentlərinin Yaxın Şərqdəki vəziyyəti müzakirə etməsi regionda artan geosiyasi gərginlik və iki ölkənin regional maraqları baxımından diqqət çəkir.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamsında politoloq Züriyə Qarayeva bildirib ki,Rusiya və İran Prezidentlərinin Yaxın Şərqdəki vəziyyəti müzakirə etməsi regionda artan geosiyasi gərginlik fonunda diqqət çəkən diplomatik təmaslardan biridir:
“Moskva və Tehran arasında siyasi və təhlükəsizlik sahələrində əməkdaşlıq mövcud olsa da, hər iki dövlətin Yaxın Şərqdəki maraqları bütün istiqamətlərdə üst-üstə düşmür. Rusiya regionda diplomatik təsir imkanlarını qorumağa, İran isə üzləşdiyi siyasi, iqtisadi və təhlükəsizlik təzyiqləri fonunda beynəlxalq dəstək imkanlarını genişləndirməyə çalışır. Bu baxımdan prezidentlər arasında aparılan müzakirələr yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də regiondakı qüvvələr balansı və beynəlxalq diplomatik proseslərlə əlaqəlidir. Bununla belə, Moskvanın Tehranla əməkdaşlığı onun İranın bütün regional mövqelərini dəstəkləyəcəyi anlamına gəlmir. Rusiya digər Yaxın Şərq dövlətləri ilə münasibətlərini də nəzərə almaq məcburiyyətindədir”.
Züriyə Qarayevanın sözlərinə görə,oktyabrın 8-də Türkmənistanda keçirilən danışıqlarda enerji, nəqliyyat, ticarət və birgə layihələrin inkişafı məsələlərinin gündəmə gətirilməsi tərəflərin iqtisadi əlaqələri genişləndirmək niyyətini göstərir:
"Eyni zamanda, Vladimir Putinin Yaxın Şərqdəki münaqişənin həllinə yardım göstərməyə hazır olduğunu bildirməsi Rusiyanın diplomatik vasitəçilik imkanlarını ön plana çıxarmaq cəhdi kimi qiymətləndirilə bilər. Lakin burada əsas məsələ bəyanatların konkret siyasi nəticələrə çevrilib-çevrilməyəcəyidir. Çünki İranın üzləşdiyi sanksiyalar, ABŞ ilə münasibətlərindəki gərginlik və regionda davam edən təhlükəsizlik problemləri iki ölkənin əməkdaşlığının genişlənməsinə ciddi məhdudiyyətlər yaradır.Rusiya ilə İran arasında siyasi dialoq davam etsə də, bu münasibətlərin Yaxın Şərqdəki proseslərin istiqamətini təkbaşına müəyyənləşdirəcəyini söyləmək doğru olmaz.Regionun gələcəyi daha geniş beynəlxalq razılaşmalardan və qarşıdurma tərəflərinin atacağı real addımlardan asılı olacaq".
Nurgün Qənizadə