Rusiyadan Azərbaycanla bağlı gözlənilməz açıqlama
Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib.
Deputat bildirib ki, bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpası labüddür.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə:
“Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstənilən halda istiləşmə qaçılmazdır – bu, sadəcə zaman məsələsidir. Sual yaradan məqamlar var, amma yavaş-yavaş hamısı həll ediləcək”.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, Çepanın fikri onu göstərir ki, Rusiyadakı hakimiyyətin bir hissəsi Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır:
“Rusiya-Azərbaycan münasibətləri bugün üçün gərgindir. Əslində, Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepanın bu fikri onu göstərir ki, Rusiyadakı hakimiyyətin bir qanadı Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Digər bir qanad varsa, deyək ki, münasibətlərin gərgin olması ona sərf edir, o, nə qədər təzyiq etsə də, başqa bir qanad bunu istəmir. Başa düşürlər ki, Rusiyanın Azərbaycanla münasibətləri korlaması Rusiyanın xarici siyasət maraqlarına zidd olacaq. Yəni Azərbaycan Rusiya üçün nə Ermənistandır, nə də digər ölkələrdir. Münasibətləri gərginləşdirmək Rusiyanın özünə sərf etməz. Çünki Rusiyanın Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi var, bu layihənin bir tərəfi Rusiyadan başlayır. Belə olan halda, əgər münasibət korlanacaqsa, bu avtomatik olaraq Rusiyanın regiona çıxış imkanlarını zəiflədə bilər. Bunu başa düşürlər. Digər tərəfdən, Rusiyanın qonşularla münasibətlərinin gərginləşməsi onun xarici siyasətində daha çox aqressor dövlət kimi nümayişinə gətirib çıxara bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Rusiya arasında 22 fevral 2022-ci ildə müttəfiqlik bəyannaməsi imzalanıb. Amma bəyannamənin şərtlərini icra etmirsə, bu, avtomatik olaraq Rusiyanın dünyada siyasi proseslərdə etibarsız dövlət olma statusuna gətirib çıxara bilər. Mən düşünmürəm ki, həddindən artıq gərgin münasibətlər yarana bilər. Müvəqqəti gərginlik var. O da bəlli məsələdir. Rusiya 25 dekabr 2024-cü ildə Azərbaycanın “Azal”a məxsus sərnişin təyyarəsini vurmasından sonra hələ ki, rəsmi olaraq üzr istəməyib, kompensasiya və s. məsələləri həll etməyib. Bu məsələlər həll olunduqdan sonra, Azərbaycan tərəfindən qoyulan tələblər icra olunduqdan sonra və Azərbaycana qarşı, azərbaycanlılara qarşı Rusiyada formalaşan kəskin mövqe aradan qalxdıqdan sonra, əlbəttə normal münasibətlər davam etdirilə bilər və tərəflər arasında münasibətlər iqtisadi, siyasi və digər zəminlərdə inkişaf edə bilər. Düşünürəm ki, bu məsələdə Aleksey Çepanın açıqlaması, yəqin ki, Rusiya tərəfində müzakirə olunub. Fikrimcə, irəliləyiş ehtimalı var, amma bu, Rusiyanın atacağı addımlardan asılıdır”.
Lalə Qurbanlı