00:00:00
Yazar
Zəhra Həsənova
07.07.2026 19:15 27 2 dəq oxuma
Siyasət

"Rusiyanın SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsini vurması növbəti təcavüz aktıdır" - ŞƏRH

"Rusiyanın SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsini vurması növbəti təcavüz aktıdır" - ŞƏRH

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Nikolayev vilayətində yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları ilə endirdiyi zərbə nəticəsində, məntəqənin inzibati binasına ziyan dəyib. “SOCAR Energy Ukraine” şirkətinin məlumatına görə, Neçayane kəndində yerləşən obyektə üç ədəd “Şahed” tipli PUA ilə hücum edilib. Təhlükəsizlik tədbirləri və əməkdaşların vaxtında sığınacağa yerləşdirilməsi sayəsində xəsarət alan olmayıb. Qeyd olunur ki, son dövrlərdə Ukraynanın müxtəlif bölgələrində enerji infrastrukturu və yanacaqdoldurma məntəqələrinə qarşı hava hücumlarının intensivləşməsi bu sektorda fəaliyyət göstərən şirkətlər üçün əlavə risklər yaradır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, hadisə beynəlxalq hüquqa zidd olmaqla yanaşı, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn addımdır:

 

"Düşünmək olar ki, bəlkə bu təsadüfən olub. Məncə, elə deyil. Bu, ilk dəfə deyil. Rusiya açıq şəkildə Azərbaycanın Ukraynadakı energetika sisteminə, SOCAR-ın yanacaqdoldurma məntəqələrinə hücum edir. Görünür, bu, Ukraynanın zərbələrinə cavab olaraq həyata keçirilən əməliyyatdır və burada Azərbaycana heç bir fərq qoyulmur. Ukrayna ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri hədəfə alınır və SOCAR-ın obyekti də həmin kontekstdə vurulub. Yaxın günlərdə Sibirdə yerləşən Rusiyanın növbəti neft emalı zavodu vurulub. Təxminən 35-36 neft emalı zavodundan artıq 16-17-si zərbələrə məruz qalıb. Ola bilsin ki, Rusiya buna cavab verir. Ancaq dediyim kimi, Azərbaycanın hüquqları nəzərə alınmır. Ukrayna ərazisində fəaliyyət göstərən bütün yanacaqdoldurma məntəqələri hədəfə çevrilir və görünür, SOCAR-ın obyekti də bu çərçivədə vurulub”.

 

Əli Mustafanın fikrincə, bu hadisə Ukraynadakı vəziyyət fonunda SOCAR-ın obyektləri üçün təhlükəsizlik risklərinin mövcud olduğunu bir daha göstərir:

 

“Bu, beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır. Azərbaycanın xaricdəki mülkiyyətinə və əmlakına qarşı törədilən cinayətdir. Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönələn addımdır. Bütün bunlar qəti şəkildə pislənməlidir. Rusiyanın Azərbaycandakı səfiri artıq Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Bu, onu göstərir ki, Ukraynada fəaliyyət göstərən neft məhsulları obyektlərimizə, o cümlədən yanacaqdoldurma məntəqələrinə qarşı risklər mövcuddur. Bu riskləri Rusiya yaradır və gələcəkdə onların nəzərə alınması vacibdir”.

 

Fatimə Hüseynli

#Rusiya #müharibə #SOCAR #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər