Süni intellekt kibertəhlükəsizliyə necə təsir edir?
Müasir dövrdə texnologiyaların sürətlə inkişafı rəqəmsal dünyanın ayrılmaz hissəsinə çevrilib. İnkişafın mərkəzində isə Süni intellekt ( Sİ ) texnologiyaları dayanır. Süni intellekt informasiya təhlükəsizliyi sahəsində müsbətlər yaratdığı kimi, mənfilərdə yaradır.Müsbət tərəflər zərərli hücumları vaxtında müəyyən edə, sistemdə olan aktivliklərə cavab verə, həmçinin, gələcək hücumları proqnozlaşdıra bilməsidir. Mənfi tərəflər isə Süni intellektin hücum üçün işlənməsi işlənməsidir.
"İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək İctimi Birliyinin sədri Aynur Nəsirova “İnformator.az”a açıqlmasında bildirib ki, süni intellekt kibertəhlükəsizliyi həm gücləndirir, həm də yeni risklər yaradır:
“Böyük məlumat bazalarını analiz edərək şübhəli məqamları ortaya çıxarması, hücum zamanı ani reaksiyası, zərərli fəaliyyətləri bloklamaq gücü, bir sözlə insanın saatlarla görə biləcəyi işi saniyələr içərisində yerinə yetirməsi Sİ-in müsbət tərəfləridir. Amma unutmayaq ki, bu texnologiyadan kibercinayətkarlar da rahat istifadə edə bilir. Hətta onlar bir az daha irəli gedərək, özləri üçün daha sərfəli fəliyyətlər ortaya çıxararaq ağıllı viruslar, saxta e-maillər və ya “phishing” (aldadıcı) mesajlar yaradırlar. Yəni süni intellekt texnologiyası artıq təhlükəsizlikdə “ikiüzlü qılınca” çevrilib. Onu düzgün istifadə edən təşkilat daha güclü müdafiə qurur, laqeyd yanaşan sistemlər üçün isə Sİ böyük təhlükə yarada bilir. Bu texnologiyanın təhlükəsizlikdə real üstünlüklər verməsi üçün onunla paralel şəkildə etik qaydalar, hüquqi çərçivə və daimi nəzarət mexanizmləri formalaşdırılmalıdır. Əks halda, süni intellekt nəzarət vasitəsindən çox, nəzarətsiz risk mənbəyinə çevrilə bilər. Bu səbəbdən, həm dövlət qurumları, həm özəl sektor, həm də fərdi istifadəçilər bu prosesdə məsuliyyətli davranmalı, süni intellekti təhlükəsizlik üçün “silah” yox, ağıllı “qalxan” kimi istifadə etməlidirlər”.
Bu barədə "İnformator.az"a danışan media eksperti Səbinə İzzətli bildirir ki, süni intellekt bu gün kibertəhlükəsizlik sahəsində köklü və sürətli dəyişikliklərə yol açır:
"Süni intellekt düzgün və məqsədyönlü şəkildə istifadə edildikdə informasiya təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Bu cür yanaşma yalnız məlumatların qorunmasını deyil, həm də təhdidlərin vaxtında aşkarlanmasını və qarşısının alınmasını təmin edir. Süni intellekt sistemləri real vaxtda böyük həcmdə məlumatı təhlil edərək anormal davranışları müəyyənləşdirə və bu davranışların arxasında potensial kiberhücumların dayandığını proqnozlaşdıra bilir. Bu imkanlar sayəsində bir çox hallarda hücum cəhdləri erkən mərhələdə aşkarlanaraq zərərsizləşdirilir. Bununla belə, süni intellekt yalnız müdafiə üçün deyil, həm də hücum məqsədləri üçün istifadə oluna bilir. Kibercinayətkarlar süni intellektin imkanlarından faydalanaraq daha mürəkkəb və təsirli hücumlar həyata keçirirlər. Onlar saxta kontent hazırlamaq, fərdi məlumatları ələ keçirmək və sosial mühəndislik üsulları ilə hədəflərə təsir göstərmək kimi üsullardan istifadə edirlər. Bu, süni intellektin ikiüzlü təbiətini – həm qoruyucu, həm də təhdidedici tərəfini ortaya qoyur".
Ekspert əlavə edib ki, süni intellektin tətbiqində etik prinsiplərə əməl olunması və məsuliyyətli yanaşmanın formalaşdırılması olduqca vacibdir:
"Qanunverici çərçivələr təkmilləşdirilməli, nəzarət və tənzimləmə mexanizmləri yaradılmalıdır. Əks halda, yaranacaq boşluqlar süni intellektdən sui-istifadə hallarını artıraraq cəmiyyət və fərdlər üçün ciddi təhlükələr doğura bilər".
Səma Pənahova