Saathesabı gənc müəllimlər: keyfiyyətə təsir edən yeni reallıq
Azərbaycan universitetlərində son illər magistratura təhsilini yeni başa vuran gənc kadrların saathesabı müəllim kimi fəaliyyətə başlaması geniş yayılıb. Bu vəziyyət ali təhsil müəssisələrində müəllim çatışmazlığının aradan qaldırılmasına kömək etsə də, cəmiyyətdə müəyyən suallar da doğurur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Aytac İsmayılova bildirib ki, son illər Azərbaycan universitetlərində magistratura təhsilini yeni bitirən gənclərin saathesabı müəllim kimi dərs deməsi geniş vüsət alıb:
“Bu addım kadr çatışmazlığını həll etsə də, təhsilin keyfiyyəti ilə bağlı müəyyən suallar doğurur.
Təcrübəsi az olan gənc müəllimlər keyfiyyətli təhsil verə bilirlərmi?
Həm bəli, həm xeyr. Gənclər müasir texnologiyalara bələddirlər, enerjilidirlər və tələbələrlə dil tapmaqda çətinlik çəkmirlər. Lakin onlarda dərin metodiki bilik və auditoriyanı idarəetmə bacarığı hələ tam formalaşmadığı üçün dərsin elmi və praktiki dərinliyi bəzən kölgədə qalır.
Magistratura proqramları daha çox elmi tədqiqata yönəldiyindən, qeyri-pedaqoji ixtisasların məzunlarında metodika və yaş psixologiyası hazırlığı zəif olur. Eyni zamanda, real sənaye və iş mühitində uzunmüddətli təcrübələri olmadığı üçün tələbələrə quru nəzəriyyədən daha çox praktiki keyslər ötürməkdə çətinlik çəkirlər".
Əlavə olaraq ekspert bildirib ki, bu müəllimlər üçün əlavə hazırlıq mütləq lazımdır:
"Universitetlər bu gəncləri auditoriyaya birbaşa buraxmamalıdır. Problemi həll etmək üçün təcrübəli professorların rəhbərliyi ilə "Mentorluq sistemi" qurulmalı, dərslərə başlamazdan əvvəl gənclər üçün intensiv "Ali məktəb pedaqogikası və didaktika" kursları təşkil edilməlidir.
Gənclərin ali təhsilə gəlişi müsbət dinamikadır. Lakin doğru nəzarət, mentorluq və daxili təlimlər olmasa, bu tendensiya təhsilin ümumi keyfiyyətinə mənfi təsir göstərə bilər”.
Səadət Əlizadə