Şans imtahanları yaxınlaşır: abituriyentləri hansı səviyyədə suallar gözləyir?
Şans imtahanlarına az vaxt qalması və əvvəlki illərdə iştirak etmiş çoxsaylı abituriyentlərin yenidən imtahana qatılması sualların çətinlik səviyyəsi ilə bağlı müzakirələri aktuallaşdırıb. İmtahanlara hazırlıq prosesində iştirakçıların əsas diqqəti testlərin əvvəlki illərlə müqayisədə daha asan, orta və ya çətin ola biləcəyi ehtimallarına yönəlib.
Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov “İnformator.az”a açıqlamasında bildirib ki, şans imtahanlarının məqsədi əvvəlki imtahanda istədiyi nəticəni əldə edə bilməyən abituriyentlərə əlavə imkan yaratmaqdır:
“Bu səbəbdən sualların qəsdən daha asan və ya çətin hazırlanması gözlənilmir. DİM test tapşırıqlarını eyni qiymətləndirmə meyarları və proqram əsasında tərtib edir. Ayrı-ayrı fənlər üzrə müəyyən fərqlər hiss oluna bilər, lakin ümumi çətinlik səviyyəsinin əsas imtahanlardan ciddi şəkildə fərqlənməsi gözlənilən deyil. Suallar asan,orta və çətin olmaqla hazırlanır. Bunun da səbəbi imtahan verənlərin bir-birindən fərqləndirilməsidir. Abituriyentlər ilk növbədə proqramı tam əhatə edən orta və yüksək çətinlik səviyyəli tapşırıqlara üstünlük verməlidirlər. Xüsusilə əvvəlki imtahanlarda səhv etdikləri mövzuları yenidən təhlil etmələri, DİM-in son illərdə istifadə etdiyi test modellərini işləmələri və vaxt bölgüsü üzərində məşq etmələri daha məqsədəuyğundur. Yalnız çətin və ya asan suallara fokuslanmaq düzgün strategiya deyil,məqsəd bütün səviyyələr üzrə sabit nəticə göstərməkdir. Son illərin nəticələri göstərir ki, DİM daha çox məntiqi təhlil, anlayışların tətbiqi və mövzular arasında əlaqə qurma bacarığını yoxlayan tapşırıqlara üstünlük verir. Əzbər biliyə əsaslanan sualların payı nisbətən azalır, analitik düşünmə tələb edən tapşırıqlar isə daha çox diqqət çəkir. Bununla yanaşı, imtahanlarda asan, orta və çətin suallar arasında balans qorunur. Bu səbəbdən yüksək nəticə əldə etmək istəyən abituriyentlər yalnız faktları əzbərləməklə kifayətlənməməli, mövzuları dərindən mənimsəyərək onları müxtəlif situasiyalarda tətbiq etməyi bacarmalıdırlar”.
Mövzu ilə bağlı abituriyent Məryəm Hüseynova bildirib ki, şans imtahanında suallar müəyyən qədər çətin ola bilər:
“Mən diqqətimi sualların çətinliyinə yox,onları necə həll edəcəyimə diqqət yetirəcəyəm.Mən bu imtahana özümü sınamaq və əvvəlki nəticəmi daha da yaxşılaşdırmaq üçün bir fürsət kimi baxıram.
Əvvəlki imtahan mənə çox təcrübə qazandırıb. Mən əsas imtahandan sonra yanlış yazdığım,xatırlamadığım bütün məqamları təkrar edirəm.İmtahan zamanı həyəcanın nəticəyə necə təsir etdiyini gördüm və hansı mövzularda daha çox işləməli olduğumu anladım. Bu dəfə dərslərimə daha da planlı yanaşıram.Düşünürəm ki, əvvəlki təcrübəmin bu dəfə mənə çox faydası olacaq”.
Mələk Hüseynova