Seçkilərdə vətəndaş fəallığı
Demokratik cəmiyyətin əsas sütunlarından biri seçki institutudur. Seçkilər vətəndaşların dövlət idarəçiliyində birbaşa iştirakını təmin edən ən mühüm vasitədir. Lakin bu prosesin effektivliyi yalnız qanunların mövcudluğu ilə deyil, həm də vətəndaşların fəallığı ilə ölçülür. Vətəndaşların seçkilərdə iştirakı həm siyasi mədəniyyətin göstəricisidir, həm də cəmiyyətin gələcək inkişaf istiqamətinə təsir göstərir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Nailə İsmayılova bildirib ki, vətəndaşların seçkilərə marağını artırmaq üçün bu istiqamətdə həm dövlət qurumlarının, həm vətəndaş cəmiyyətinin, həm də medianın böyük rolu var:
"İlk növbədə maarifləndirmə və məlumatlandırma işləri düzgün aparılmalıdır. Belə ki, seçki qaydaları insanlara sadə və anlaşılan dildə izah olunmalıdır, yəni onlar nəyə, necə səs verdiklərini bilmədilər, əks halda prosesdən kənarda qala bilərlər. Maarifləndirmənin digər vacib tərəflərindən biri məktəblərdə, universitetlərdə və ictimai mühitdə maarifləndirici tədbirlər təşkil olunarsa, bu da seçki prosesində effektiv nəticə verə bilər.
Seçki prosesinin effektiv nəticə verməsində gənclərin seçkilərdə iştirakının xüsusi əhəmiyyəti var. Bildiyimiz kimi, əhalinin böyük əksəriyyətini gənclər təşkil edir. Məhz bu baxımdan onların seçkidə iştirak fəallıqlarının artırılmasına ehtiyac duyulur. Bu səbəbdən gənclərin seçkidə iştirak maraqlarını artırmaq üçün onlarla müxtəlif maraqlı formatlarda siyasi debatlar, forumlar, tədbirlər keçirilməsi məqsədəuyğun hesab olunur. Əlavə olaraq könüllülük proqramlarının həyata keçirilməsi də vacib məqamlardandır. Gənclərin fəal olduğu platformalarda daha yaradıcı kampaniyaların təşkili onlar üçün maraqlı ola bilər. İndiki dövrdə, gijital platformalar, o cümlədən sosial şəbəkələrin seçki prosesinə və nəticələrinə əhəmiyyətli dərəcədə təsiretmə gücü var. Belə ki, qısa video və vizuallar, həmçinin seçkinin əhəmiyyəti barədə kampaniyaların təşkili şəffaflığı və etimadı gücləndirə bilər".
Gövhər Mehyəddinova
