00:00:00
Yazar
Elmira Ağayeva
03.07.2026 14:56 61 2 dəq oxuma
Sosial

Semestr biliyi 5 sualla ölçülə bilərmi? Ali məktəblərdə imtahan modeli müzakirə mövzusunda

Semestr biliyi 5 sualla ölçülə bilərmi? Ali məktəblərdə imtahan modeli müzakirə mövzusunda

 

Bir çox ali təhsil müəssisəsində semestr imtahanları cəmi 5 sual əsasında keçirilir. Bu yanaşma tələbənin bir fənn üzrə aylar ərzində əldə etdiyi bilik və bacarıqları tam əhatə edib-etməməsi baxımından suallar doğurur.

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Aidə Əliyeva “İnformator.az”a açıqlamasında bildirib ki, semestr imtahanlarının cəmi 5 sual əsasında keçirilməsi uzun illərdir müzakirə olunan məsələlərdəndir:

 

“Bu model müəyyən üstünlüklərə malik olsa da, tələbənin bir semestr ərzində qazandığı bilik və bacarıqların tam qiymətləndirilməsi baxımından bəzi məhdudiyyətlər yaradır. Əgər fənn çoxsaylı mövzu və bacarıqları əhatə edirsə, cəmi 5 sual həmin məzmunu tam əks etdirməyə bilər. Sualların seçimi nəticəyə ciddi təsir göstərir və bəzi mövzular ümumiyyətlə qiymətləndirilmədən qala bilər. Digər tərəfdən, suallar yaxşı hazırlanmış, müxtəlif mövzuları və fərqli idrak səviyyələrini əhatə edən kompleks tapşırıqlardan ibarət olarsa, müəyyən dərəcədə obyektiv qiymətləndirmə mümkündür. Bununla belə, qiymətləndirmənin etibarlılığını artırmaq üçün müxtəlif qiymətləndirmə üsullarının birlikdə tətbiqi daha məqsədəuyğundur. Bu cür imtahanlar yaradıcı və analitik düşüncəsi güclü tələbələri kölgədə qoya bilmə riski yarada bilir. Əgər suallar əsasən əzbər biliyi yoxlayırsa, analitik düşünmə, problem həll etmə, tənqidi yanaşma və yaradıcılıq kimi bacarıqlar kifayət qədər qiymətləndirilmir. Müasir ali təhsilin məqsədi yalnız məlumatın xatırlanmasını deyil, onun tətbiqini, təhlilini və yeni situasiyalarda istifadə olunmasını da ölçməkdir. Buna görə də açıq tipli suallar, layihələr, təqdimatlar və praktiki tapşırıqlar qiymətləndirmə sisteminin vacib hissəsi olmalıdır. Müasir əmək bazarının tələb etdiyi bacarıqlar bu imtahan modeli ilə tam şəkildə ölüçülə bilmir. Bugünkü əmək bazarında işəgötürənlər təkcə nəzəri bilik deyil, həm də ünsiyyət, komanda işi, liderlik, rəqəmsal savadlılıq, tənqidi düşünmə, qərarvermə və problem həll etmə kimi bacarıqlara üstünlük verirlər. Bu kompetensiyaların əksəriyyəti yalnız 5 suallıq yazılı imtahan vasitəsilə obyektiv qiymətləndirilə bilməz. Daha effektiv qiymətləndirmə üçün davamlı qiymətləndirmə, layihə əsaslı öyrənmə, praktik işlər, təqdimatlar və portfoliolar kimi üsulların tətbiqi daha məqsədəuyğun hesab olunur. Ümumi olaraq qeyd etmək olar ki,beş suallıq imtahan modeli qiymətləndirmə prosesinin bir hissəsi ola bilər, lakin tələbənin semestr ərzində qazandığı bütün bilik, bacarıq və kompetensiyaları tam əhatə etməsi çətindir. Müasir ali təhsildə daha obyektiv və ədalətli nəticələr əldə etmək üçün imtahanlar davamlı qiymətləndirmə, praktik tapşırıqlar və analitik düşüncəni ölçən müxtəlif metodlarla tamamlanmalıdır. Bu yanaşma həm tələbələrin real potensialını daha dəqiq üzə çıxarar, həm də onları müasir əmək bazarının tələblərinə daha yaxşı hazırlayar”.

 

Mələk Hüseynova

#semestrimtahanları #imtahan #alitəhsil
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər