SEPAH ABŞ-nin İraqdakı bazasına zərbə endirildiyini bəyan edib
İran ABŞ-nin İraq Kürdüstanının Süleymaniyyə əyalətindəki hərbi bazasına və qruplaşmaların qərargahına raket zərbəsi endirib.
"İnformator.az" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.
"Süleymaniyyə əyalətindəki ABŞ qoşunlarının bazası və hökumət əleyhinə qüvvələrin qərargahı Keşikçilər Korpusunun quru qoşunlarının raket bölmələri tərəfindən raket zərbələrinə məruz qalıb", - \İranın dövlət teleradio şirkəti bəyanatın mətnini təqdim edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın ali rəhbəri Ayətullah Əli Xamenei və bir sıra yüksəkvəzifəli şəxslər həlak olub. Buna cavab olaraq İran İsrailə və ABŞ və onun müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki obyektlərə zərbələr endirir.