Silahlı şəxslər Kəşmirdə azı 20 nəfəri qətlə yetirib
Hindistanın nəzarətində olan Kəşmir bölgəsində silahlı şəxslər turistlərə atəş açaraq azı 20 nəfəri qətlə yetirib. Hindistan polisi bu hücumu son illərin ən qanlı hücumlarından biri kimi qiymətləndirir.
Polisin məlumatına görə, hadisə çərşənbə axşamı Baisaran çəmənliyində baş verib. Bu ərazi mübahisəli bölgənin məşhur turizm mərkəzi olan Pahalgam qəsəbəsindən təxminən 5 kilometr aralıdadır. Hücum zamanı çoxsaylı turist güllə yaraları alıb.
“Bu hücum son illərdə mülki vətəndaşlara qarşı baş verənlər arasında ən irimiqyaslısıdır", – bölgənin ali seçkili rəsmisi, Baş nazir Ömər Abdullah sosial şəbəkədə bildirib. Hindistan polisi Associated Press agentliyinə azı 20 nəfərin həlak olduğunu və hücuma görə hələlik heç bir qrupun məsuliyyəti üzərinə götürmədiyini bildirib. Lakin polis hadisəni Hindistanın bölgədəki idarəçiliyinə qarşı çıxan silahlı qrupların törətdiyini hesab edir.
Təhlükəsizlik qüvvələri hücum edənləri tapmaq üçün axtarış əməliyyatına başlayıb. Yaralananlar xəstəxanalara yerləşdirilib. İki yüksək vəzifəli polis əməkdaşının verdiyi məlumata əsasən, ən azı dörd silahlı şəxs yaxın məsafədən onlarla turisti hədəfə alıb. Hücum nəticəsində təxminən otuzdan çox insan yaralanıb, bir çoxunun vəziyyəti ağırdır.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə