ƏSMİD İctimai Birliyinin layihəsi çərçivəsində dördüncü praktiki təlim baş tutub
Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsinin icrasını uğurla davam etdirir.
Layihə çərçivəsində növbəti kulinariya təlimi keçirilib.
Bu barədə İnformator.az-a layihə rəhbəri Səbinə Kərimova məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarına inteqrasiyasına və gələcək məşğulluq imkanlarının artırılmasına dəstək göstərməkdir.
Daha sonra təlimçi Xatirə Xudadarova tərəfindən iştirakçılara kulinariya sahəsində nəzəri biliklər təqdim olunub. Təlim zamanı qida təhlükəsizliyi, gigiyena qaydaları, ərzaqların düzgün seçilməsi və hazırlanma texnologiyaları barədə ətraflı məlumat verilib. Təlim interaktiv formatda təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Təlimin praktiki hissəsində iştirakçılar türk sayağı küftə və Kiyev kotleti hazırlayıblar. Məşğələ zamanı yeməklərin hazırlanma mərhələləri, istifadə olunan məhsulların düzgün emalı, bişirmə qaydaları və süfrəyə təqdimat üsulları əyani şəkildə nümayiş etdirilib. İştirakçılar hazırlıq prosesində fəal iştirak edərək yeni praktiki bacarıqlar əldə ediblər.
Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarının artırılması, onların əmək bazarına inteqrasiyasına və məşğulluq imkanlarının genişləndirilməsinə dəstək verməkdir. Layihə çərçivəsində keçirilən təlimlərin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.






