Sosial şəbəkə alqoritmləri dünyagörüşümüzü məhdudlaşdırır? – Ekspert açıqlayır
Sosial şəbəkələrdə istifadəçilərin qarşısına çıxan paylaşımlar təsadüfi seçilmir. Hər bir bəyənməni, şərhi, paylaşımı, izlənilən videonu və axtarışı alqoritmlər analiz edir və növbəti məzmun bu məlumatlar əsasında formalaşdırılır. Bu sistem istifadəçilərə maraq dairələrinə uyğun kontent təqdim etsə də, son illər onun cəmiyyətə təsiri ilə bağlı müzakirələr də genişlənib.
Mütəxəssislər hesab edirlər ki, alqoritmlər bir tərəfdən informasiya bolluğunda istifadəçilərə lazım olan məzmunu daha tez tapmağa kömək edir, digər tərəfdən isə onları yalnız oxşar fikirlərlə qarşılaşdıraraq alternativ baxışlardan uzaqlaşdıra bilir. Bu vəziyyət beynəlxalq elmi ədəbiyyatda “Filter Bubble” (Filtr qabığı) və “Echo Chamber” (Exo kamera) anlayışları ilə izah olunur. Belə mühitdə istifadəçi əsasən öz düşüncələrini təsdiqləyən məlumatlarla qarşılaşır ki, bu da tənqidi düşüncənin zəifləməsinə və cəmiyyətdə qütbləşmənin artmasına səbəb ola bilər.
Mövzu ilə bağlı İT üzrə mütəxəssis Elvin Abbasov "İnformator.az" a açıqlamasında bildirib ki, alqoritmlərin fəaliyyətini yalnız mənfi və ya müsbət qiymətləndirmək düzgün yanaşma deyil:
“Alqoritmlərin əsas məqsədi istifadəçiyə onun maraq dairəsinə uyğun məzmun təqdim etməkdir. İnformasiya axınının həddindən artıq çox olduğu bir dövrdə bu sistemlər insanlara vaxt qazandırır və lazımi məlumatı daha operativ əldə etməyə imkan yaradır. Məsələn, texnologiya, elm və ya xarici dil öyrənən bir istifadəçi həmin istiqamətdə keyfiyyətli materiallarla daha tez qarşılaşa bilir. Bu baxımdan alqoritmlər öyrənmə prosesini dəstəkləyən mühüm vasitələrdən biridir”.
Ekspertin sözlərinə görə, uzun müddət yalnız eyni mövzularda məzmun izləmək istifadəçinin informasiya mühitini məhdudlaşdıra bilər:
“Platforma istifadəçinin əvvəlki davranışlarını əsas götürdüyü üçün zaman keçdikcə ona fərqli baxışları əks etdirən materiallar daha az göstərilir. Nəticədə insan alternativ fikirlərlə tanış olmaq imkanını qismən itirir. Bu isə tənqidi düşünmə bacarığının zəifləməsinə, stereotiplərin möhkəmlənməsinə və cəmiyyətdə fikir müxtəlifliyinin azalmasına səbəb ola bilər. İstifadəçilər yalnız alqoritmlərin təqdim etdiyi informasiya ilə kifayətlənməməlidirlər. Müxtəlif media mənbələrini izləmək, fərqli mövzular üzrə axtarış aparmaq, məlumatı bir neçə etibarlı mənbə ilə müqayisə etmək və vaxtaşırı platformaların tövsiyə sistemini yeniləmək daha balanslı informasiya mühitinin formalaşmasına kömək edir. Alqoritmlər faydalı texnologiyadır, lakin onlardan şüurlu istifadə etmək vacibdir”.
Fidan Abdullayeva