00:00:00
Yazar
Elmira Ağayeva
03.07.2026 16:20 77 3 dəq oxuma
Sosial

Sosial şəbəkədə başlayan tanışlıqlar: Qısa müddətdə qurulan ailələr cəmiyyətə nə vəd edir?

Sosial şəbəkədə başlayan tanışlıqlar: Qısa müddətdə qurulan ailələr cəmiyyətə nə vəd edir?

 

Son illərdə sosial şəbəkələr insanların tanışlıq və ünsiyyət qurduğu əsas platformalardan birinə çevrilib. Bunun nəticəsində internet vasitəsilə tanış olub qısa müddətdə ailə quran cütlüklərin sayı da nəzərəçarpacaq dərəcədə artıb. Bu tendensiya cəmiyyətdə ailə münasibətlərinin formalaşmasına yeni yanaşmalar gətirir. Eyni zamanda, belə tanışlıqların ailə bağlarının möhkəmliyi, qarşılıqlı etibar və ailə dəyərləri baxımından necə nəticələr verdiyi də müzakirə olunur.

 

Mövzu ilə bağlı Sosioloq Mətanət Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, ancaq şüurlu yanaşma ilə qurulan ailələr möhkəm ola bilər:

 

"​Sosial şəbəkələrdə gənclərin bir-biri ilə tanış olması müasir dövrün tələblərindən irəli gəlir. Bu gün həyatımızda rəqəmsal platformalar var və biz rəqəmsal məkanda varıqsa, tanışlığımızın da orada baş tutması təbiidir. Lakin sosial şəbəkələrdə tanış olmaq o demək deyil ki, biz dərhal həmin adamla ailə qurmalıyıq. Əvvəlki dövrlərə nəzər salsaq, ilk baxışdan sevmək və ya tanış olmaq halları real idi. Lakin insanlar bir-birini yaxından tanımadan, bir neçə ay ünsiyyət saxlayıb söhbətlər aparmadan ailə qurmurdular. Qarşı tərəfin hansı xarakterə, hansı sosial duruma malik olduğuna əmin olmadığımız təqdirdə evlilik addımı atmaq düzgün deyil. Biz Azərbaycan ailəsindən, milli dəyərlərə istinadən qurulan ailə modelindən bəhs ediriksə, istər sosial şəbəkələrdə, istərsə də real həyatda tanımadığımız bir insanla dərhal nikaha daxil olmamalıyıq. Bəzi gənclər həyatda tələskənlik edərək sosial şəbəkədə tanış olduqları şəxslərlə dərhal evlənirlər. Əlbəttə, sosial şəbəkələrdə də ailə qədrini bilən, sevginin, məhəbbətin mənasına dəyər verən minlərlə yaxşı gəncimiz var. Eyni zamanda sadəcə müəyyən maraqlar xatirinə ailə quranlar da mövcuddur ki, belə evliliklərin sonu heç də yaxşı olmur. Sosial şəbəkələr bizim bugünkü reallığımızdır və biz bu reallıqdan qaça bilmərik. Çünki bu gün real həyatdan daha çox virtual məkandayıq. Platformalarda tanış ola bilərik, ancaq ailə qurmağa tələsməməliyik. Qarşı tərəfin hansı xarakterə, hansı dünyagörüşünə və maddi vəziyyətə malik olduğunu öyrənmədən qərar vermək olmaz. Tələskənlik istər real, istərsə də sosial həyatda heç vaxt gözəl effekt vermir. Həyatda hər şeyi götür-qoy etmək, araşdırmaq lazımdır. İki gənc bir-birini sevirsə, təbii ki, ailə qurulmalıdır, lakin təkcə sevmək məsələnin həlli deyil. Məsələn, rəsmi nikahdan əvvəl tələb olunan tibbi analizlərin nəticəsində elə bir xəstəlik aşkar oluna bilər ki, gələcəkdə birlikdə yaşamaq qeyri-mümkün olar. Ona görə də hər bir hadisəyə və ehtimala qarşı hazırlıqlı olmaq lazımdır. Son illər boşanmaların sayının kəskin artmasını məhz belə kor-koranə, tələsik baş tutan tanışlıqlarla əlaqələndirirəm. Ailə qurmaq, hətta dünyaya uşaq gətirmək böyük məsuliyyət tələb edir. Gələcək yoldaşının etibarlı olub-olmadığını dəqiqləşdirmədən övlad sahibi olmaq risklidir. Əks halda evlilikdən cəmi bir neçə gün sonra tərəflərin tamamilə fərqli dünyaların insanları olduğu ortaya çıxır. Ailələrimizin dayanıqlı, uzunömürlü və möhkəm olması naminə biz bir-birimizi daha yaxşı tanımalıyıq. Səbr etməli, hər şeyi zamana bağlamalı və xarakterlərin uyğunluğuna tam əmin olduqdan sonra ailə qurmalıyıq. Məhz bu cür şüurlu yanaşma ilə qurulan ailələr möhkəm olar, gələcək nəsillərimizin sağlam mühitdə böyüməsinə zəmin yaradar".

 

Samirə Allahverdizadə

#Sosialşəbəkələr #sosial #tanışlıqlar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər