Sudan düşərgəsinin sakinləri hücumlardan sığınırlar
Sakinlərin BBC-yə verdiyi məlumata görə, Sudanda vətəndaş müharibəsindən qaçan yüz minlərlə insanın olduğu düşərgəyə dağıdıcı hücumlar üçüncü gündür ki, davam edir.
Zəmzəm düşərgəsindəki bir nəfər vəziyyəti "son dərəcə fəlakətli", digəri isə vəziyyətin "qorxunc" olduğunu söyləyib.
BMT-nin verdiyi məlumata görə, Sudanın qərbindəki Darfur bölgəsində ötən həftənin sonlarında başlayan silsilə hücumlar nəticəsində azı 20 uşaq və bir həkim briqadası olmaqla 100-dən çox mülki şəxs həlak olub.
Əl-Fəşer şəhərinə və yaxınlıqdakı iki düşərgəyə edilən hücumlarda məsuliyyəti paramilitar Çevik Dəstək Qüvvələri (RSF) üzərinə götürüb. O, vəhşiliklərlə bağlı xəbərlərin uydurma olduğunu bildirib.
Zəmzəm və Əbu Şok düşərgələri, bir çoxu aclıq kimi şəraitlə üzləşən 700 mindən çox insanı müvəqqəti evlərlə təmin edir.
Hücumlarla bağlı xəbərlər RSF ilə ordu arasında vətəndaş müharibəsinin başlanmasının ikinci ildönümü ərəfəsində yayılıb.
BMT-nin Sudandakı humanitar koordinatoru Klementine Nkweta-Salami baş verənlərlə bağlı xəbərlərdən "dəhşət və ciddi təşviş içində olduğunu" söyləyib.
"Bu, köçkünlərə və yardım işçilərinə qarşı bir sıra qəddar hücumlarda daha bir ölümcül və qəbuledilməz eskalasiyanı təmsil edir",- deyib.
ABŞ Dövlət Departamenti həmçinin "RSF-nin Zəmzəm və Əbu Şukaya hücumları ilə bağlı xəbərlərdən dərin təşvişə düşdüyünü",- bildirib və əlavə edib: "Biz RSF-nin mülki əhalinin ən həssas hissəsinə hücumlarını pisləyirik".
Çərşənbə axşamı Sudanla bağlı konfransa ev sahibliyi edən Böyük Britaniyanın Xarici İşlər Naziri David Lammy "təsadüfi RSF hücumları" xəbərlərini "şok" adlandırıb.
BBC
Nəzrin Məmmədova