00:00:00
Yazar
Elmira Ağayeva
21.08.2026 21:36 13 3 dəq oxuma
Sosial

Süni intellekt insanların “rəqəmsal psixoloquna” çevrilib: Risklər nələrdir?

Süni intellekt insanların “rəqəmsal psixoloquna” çevrilib: Risklər nələrdir?

 

Süni intellekt alətlərindən insanların şəxsi problemlərini və hisslərini bölüşmək, emosional dəstək almaq və psixoloji məsələlərlə bağlı məsləhət axtarmaq üçün istifadə halları artır. Bununla yanaşı, süni intellektdən psixoloji dəstək almağın insan psixikası üçün mümkün riskləri və bu texnologiyanın psixoloqu əvəz edib-etməyəcəyi məsələsi gündəmə gəlir.


Mövzu ilə bağlı Uzman psixoloq-psixoterapevt Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllimi Səbinə Bayramova “İnformator.az”a açıqlamasında bildirib ki, süni intellekt real münasibətlərin tamamlayıcısı ola bilər, lakin onları əvəz etdikdə sosial əlaqələrdən uzaqlaşma riski yarada bilər:


“Süni intellekt insanın fikirlərini sistemləşdirməsinə, hisslərini ifadə etməsinə və müəyyən psixoloji mövzular haqqında ilkin məlumat əldə etməsinə kömək edə bilər. Lakin burada əsas risk ondan ibarətdir ki, insan aldığı cavabı peşəkar qiymətləndirmədən keçmiş psixoloji müdaxilə kimi qəbul edə bilər. Süni intellekt
insanın klinik vəziyyətini tam qiymətləndirə, diaqnostik qərar verə və fərdi terapiya prosesinin bütün incəliklərini nəzərə ala bilməz. Digər mühüm məsələ məxfilikdir. İnsanlar ən həssas şəxsi məlumatlarını texnoloji platformalarla paylaşarkən həmin məlumatların necə saxlanıldığını və istifadə
edildiyini bilməlidirlər. Xüsusilə intihar düşüncələri, travmatik yaşantılar, zorakılıq və ağır psixoloji simptomlar kimi hallarda süni intellektə müraciət etmək peşəkar dəstəyi gecikdirə bilər. Buna görə onu psixoterapiyanın alternativi deyil, ən yaxşı halda əlavə informasiya və özünüifadə vasitəsi kimi görmək daha doğrudur. İnsanların zamanla süni intellektə emosional bağlanması və real insan münasibətlərindən uzaqlaşması mümkündür. İnsan təbiətən dinlənilməyə, anlaşılmağa və emosional cavab almağa ehtiyac duyur. Süni intellekt daim əlçatan olduqda, mühakimə etməyən və istifadəçinin istədiyi üslubda cavab verən bir “rəqəmsal həmsöhbət” kimi qəbul edilə bilər. Xüsusilə tənhalıq yaşayan və ya real münasibətlərdə çətinlik çəkən insanlarda bu qarşılıqlı əlaqəyə həddindən artıq güvənmək riski yarana bilər. Burada əsas məsələ süni intellektdən istifadə etmək deyil, onun zamanla real insan münasibətlərinin yerini tutmağa başlamasıdır. İnsan üçün psixoloji rifah yalnız hisslərini ifadə etməklə formalaşmır. Sağlam münasibətlər qurmaq, qarşı tərəfin reaksiyaları ilə qarşılaşmaq, sərhədlər müəyyənləşdirmək, fikir ayrılıqlarını idarə etmək və müxtəlif emosional vəziyyətləri real münasibətlər daxilində yaşamaq insanın sosial və emosional bacarıqlarının inkişafında mühüm rol oynayır. Buna görə süni intellekt real münasibətlərin tamamlayıcısı ola bilər, lakin onları əvəz etdikdə sosial əlaqələrdən uzaqlaşma riski yarada bilər. Süni intellektin insanı anlayırmış kimi görünən cavablar verə bilməsi onun psixoterapevtik empatiya göstərdiyi anlamına gəlmir. Məsələn, 2023-cü ildə ABŞ-də aparılan və JAMA Internal Medicine jurnalında dərc olunan araşdırmada 195 pasiyent sualına verilmiş cavablar müqayisə edilib və ChatGPT cavabları həkim cavablarından daha empatik qiymətləndirilib. 2024-cü ildə Kanadada aparılan başqa bir araşdırmada isə 200 onkoloji sual üzrə bəzi süni intellekt cavabları həkim cavablarından daha yüksək empatiya balı alıb. Lakin bu tədqiqatlarda ölçülən süni intellektin empatiya hiss etməsi deyil, onun cavablarının insanlar tərəfindən nə dərəcədə empatik qəbul edilməsidir. Psixoterapevtik empatiya isə yalnız düzgün və təsəlliverici cümlələr qurmaqdan ibarət deyil. Psixoloq-psixoterapevt müraciət edən şəxsin fərdi xüsusiyyətlərini, həyat təcrübəsini, həssaslıqlarını, mövcud resurslarını və potensialını nəzərə alaraq onun ehtiyaclarına uyğun terapevtik metod seçir, fərdi terapiya planı formalaşdırır və terapiyanın gedişində bu planı şəxsin dəyişən ehtiyaclarına uyğunlaşdırır. Eyni zamanda terapevtik ittifaq qurur, yəni qarşılıqlı etimad, təhlükəsizlik və əməkdaşlığa əsaslanan peşəkar münasibət yaradır. Ən mühüm fərq də məhz buradadır: süni intellekt insanın yazdıqlarına uyğun empatik dil yarada bilər, lakin psixoterapevt həmin insanın emosional vəziyyətini, klinik kontekstini və terapiya prosesindəki dəyişiklikləri qiymətləndirərək hansı müdaxilənin onun üçün uyğun və təhlükəsiz olduğunu müəyyənləşdirir. Bu, fərdiləşdirilmiş və peşəkar məsuliyyət tələb edən terapevtik prosesdir. Bu səbəbdən süni intellekti psixoloqun alternativi kimi deyil, müəyyən hallarda psixoloji məlumat əldə etmək və özünüifadəni dəstəkləmək üçün əlavə vasitə kimi qiymətləndirmək daha doğrudur”.


Samirə Allahverdizadə

#çevrilib: #risklər #psixoloquna” #intellekt
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər