00:00:00
Yazar
Zəhra Həsənova
08.05.2026 21:20 31 4 dəq oxuma
Sosial

Süni intellekt jurnalisti nə dərəcədə əvəz edə bilər?

Süni intellekt jurnalisti nə dərəcədə əvəz edə bilər?

Süni intellekt jurnalistika sahəsində xəbərlərin hazırlanması, məlumatların emalı və operativ şəkildə yayılmasında mühüm rol oynamağa başlayıb. Mütəxəssislərin fikrincə, süni intellekt sürətli analiz, məlumat toplama və rutin işlərin avtomatlaşdırılması baxımından jurnalistlərin işini xeyli asanlaşdırır. 

 

Mövzu ilə bağlı Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu “İnformator.az a açıqlamasında süni intellektin gələcəkdə jurnalistləri əvəz etməsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlərin formalaşdığını bildirib:

 

“Azərbaycanın media bazarında kifayət qədər iş tapa bilməyən jurnalist var. Xüsusilə, ali təhsil ocağını yeni bitirmiş gəncləri media qurumları işə götürməkdən çəkinirlər. Bu tərəfdən də süni intellekt bazarda işsizliyi daha da artıracaq. Nəzəri cəhətdən bu texnologiya insanı tam əvəzləyə bilər. Böyük bilik və məlumat bazasına əli çatan, operativlik baxımından insanı qat-qat üstələyən süni intellekt yüzlərlə jurnalistin görə biləcəyi işi bir neçə dəqiqəyə görür. Jurnalistikada bəzi sahələrdə süni intellekt jurnalisti əvəzləyəcək. Məsələn, yalnız tərcümə və korrektə ilə məşğul olan şəxslər işsiz qala bilərlər. Hazırda bu işləri süni intellekt rahatlıqla görür, özü də bu işdə gün-gündən mükəmməlləşir. Səs yazısını mətnə, mətni səsə çevirmək kimi zaman tələb edən bir işi süni intellekt çox sürətlə edir. Bu da jurnalistin işini çox asanlaşdırır. 20-25 il öncə diktofona yazılmış müsahibə müxbirin xeyli zamanını “oğurlayırdı”. İndi bir neçə dəqiqəyə səsi mətnə çevirmək imkanı yaranıb. Montaj, fotonun düzəldilməsi, posterin hazırlanması işi də asanlaşıb. Bir jurnalist bu sahələri bilməsə belə, süni intellektin vasitəsi ilə xeyli zaman uda bilər”.

 

İsmayıl Rafiqoğlu süni intellektin yaratdığı risklərə də diqqət çəkib. O bildirib ki, bu texnologiya vasitəsilə hazırlanan xəbərlərin yanlış və ya qeyri-obyektiv olması mümkündür: 

 

“Süni intellektlə bağlı yarana biləcək problemlər barədə də müzakirələr səngimir. Bu texnologiya vasitəsilə yaradılan xəbər yalan ola bilərmi? Süni intellekt hansısa qrupların maraqları baxımından qeyri-obyektiv materiallar hazırlaya bilərmi? Bəli, bunların hamısı ola bilər. İstənilən texnologiya səhv edə bilər, yəni tam mükəmməl bir sistem qurmaq mümkün deyil. Texnoloji sistemlər insan kimi “xəstələnə”, qırıla, dağıla bilir. Bəzən bunu kompüterdə işləyən zaman müşahidə edirik. Durduğu yerdə sistem donur, sıradan çıxır, təmirə ehtiyac yaranır. Bu səbəbdən süni intellekti olduqca ehtiyatla tətbiq etmək lazımdır. Bu sistem özünü tam doğrultmayana qədər insanı əvəzləməməlidir”.

 

Məsələ ilə bağlı jurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli “İnformator.az”a bildirib ki, jurnalistika öz tarixi boyu sosial institut kimi müxtəlif texnoloji dəyişikliklərə məruz qalıb:

 

“Texnologiya yenilənir və bu, istər-istəməz bir çox sahələrə, o cümlədən jurnalistikaya da təsir edir. Bu, jurnalistikanın ümumi mənzərəsini, sürətli məlumat toplamaq prosesini dəyişə bilir, keyfiyyətli və təhlilli materialların hazırlanmasına kömək edə bilir. Amma təbii ki, süni intellekt heç bir halda jurnalisti əvəz edə bilmir. Bu, bir köməkçidir, bir vasitədir. Jurnalist daha şaxəli məlumat alan, tənqidi yanaşan, təhlil edən, öyrənən və müqayisə aparan yaradıcı bir fərddir. Amma süni intellektdə bu keyfiyyətlər, həmçinin emosional yanaşma yoxdur və bu da onun çatışmayan cəhətlərindəndir”.

 

Bununla belə, Qulu Məhərrəmli süni intellektin jurnalistika üçün vacib bir alət olduğunu vurğulayır:

 

“Amma süni intellekt jurnalist və redaksiya üçün çox vacib bir vasitədir, köməkçidir. Onun imkanlarından istifadə etmək və bunu öyrənmək hər kəsin vəzifəsidir. Jurnalistikanın mahiyyəti dəyişmir, yalnız forma və imkanlar yenilənir. Çünki əsas məqsəd informasiyanı cəmiyyətə çatdırmaqdır və bu sahədə heç nə dəyişmir. Süni intellekt jurnalistika üçün təhlükə yaratmır, əksinə kömək edir. O, saxta informasiyanın tanınmasında, materialların hazırlanmasında və vaxtın dəqiqləşdirilməsində jurnalistə yardımçı olur. Əsas prinsiplər - gerçəyi demək, cəmiyyətin marağını ifadə etmək, informasiyanı aydın və sadə dildə çatdırmaq və həqiqətə xidmət etməkdir. Bu prinsiplər üçün süni intellekt heç bir təhlükə yaratmır. Bugün süni intellektin imkanları genişlənir: mətn yazır, film hazırlayır, dizayna kömək edir. Amma bütün hallarda son məhsul jurnalistin əlindən çıxır. Gələcəkdə jurnalistin hazırladığı materialla süni intellektin köməyi ilə hazırlanan material arasında fərq olacaq. Hətta bu fərqləndirmə etik baxımdan da vacibdir. Çünki hər bir halda məhsul jurnalistin məsuliyyəti ilə təqdim olunur və süni intellektdən istifadə qeyd edilməlidir”.

 

Fatimə Hüseynli

#bilər? #edə #azərbaycan #süni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər