00:00:00
Yazar
Asiman Vəliyeva
03.03.2026 21:58 22 4 dəq oxuma
Sosial

Süni intellektlə bağlı hazırlanan saxta videolara görə kim məsuliyyət daşıyır?

Süni intellektlə bağlı hazırlanan saxta videolara görə kim məsuliyyət daşıyır?

Süni intellektlə hazırlanan saxta videolar (deepfake) son illərdə həm texnologiya, həm də hüquq sahəsində ciddi müzakirə mövzusuna çevrilib


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Ramil Səfərli bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-ndə süni intellektlə bağlı cinayətlərin ayrıca və birbaşa tənzimi nəzərdə tutulmasa da, bu cür əməllər mövcud cinayət və mülki hüquq normaları əsasında məsuliyyət yaradır:


“Qanunvericilikdə xüsusi maddənin olmaması həmin əməlin cəzasız qalması demək deyil.
Belə hallarda əsas məsuliyyət saxta və ya manipulyasiya olunan (məsələn, süni intellekt vasitəsilə yaradılan) videonu hazırlayan, sifariş edən, yayan və yayılmasına qəsdən kömək edən şəxslərin üzərinə düşür. Bu prosesdə iştirak edən bütün şəxslər - montaj edən, texniki dəstək göstərən və ya paylaşan şəxslər də məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinə görə, 147-ci maddə-Böhtan (bilə-bilə yalan məlumat yayma), 148-ci maddə-Təhqir (şərəf və ləyaqətin alçaldılması), 156-cı maddə – Şəxsi və ailə sirrinin yayılması, o cümlədən intim görüntülərin qanunsuz əldə edilməsi və yayılması, 242-ci maddə- Pornoqrafik materialların qanunsuz yayılması, 182-ci maddə – Hədə-qorxu ilə tələb etmə əgər həmin materiallardan istifadə edərək şəxsdən pul və ya digər əmlak tələb olunarsa təsir dairəsinə düşür. Mülki hüquqi məsuliyyət baxımından isə zərərçəkən şəxs sübutları toplamalı və məhkəməyə müraciət etməlidir. Burada əsas məqsəd şəxsin şərəf və ləyaqətinin müdafiəsi, saxta videonun həqiqətə uyğun olmadığının təkzib edilməsi, həmçinin vurulan maddi və mənəvi zərərin ödənilməsidir.
Beləliklə, süni intellekt vasitəsilə hazırlanan saxta videolarla bağlı xüsusi norma olmasa da, mövcud qanunvericilik bu cür halların hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün kifayət qədər hüquqi əsas yaradır”.


Süni intellekt üzrə mütəxəsis Abdulla Abdullayev bildirib ki, süni intellektlə hazırlanan kontentə görə məsuliyyət məsələsi qəlizdir:


“ Hazırda hüquq sistemləri bu yeni reallığa uyğunlaşmağa çalışır. Məsuliyyət adətən bir neçə tərəf arasında bölünür.
İlk növbədə, bu cür zərərli məzmunu yaradan şəxslər əsas günahkardırlar. Onlar bilərəkdən insanları aldatmaq məqsədi güdürlər. Digər tərəfdən, sosial media platformalarının da üzərinə böyük yük düşür. Onlar bu cür saxta videoların yayılmasının qarşısını almalıdırlar. Bəzi ölkələrdə artıq platformaları məcbur edən xüsusi qanunlar qəbul edilir. Süni intellekt alətlərini inkişaf etdirən şirkətlər də etik qaydalara əməl etməlidir. Lakin alətin özü sadəcə bir vasitədir. Əsas problem ondan sui-istifadə edən insanlardadır. Texniki baxımdan "deepfake" adlandırılan saxta kontenti aşkar etmək mümkündür. Lakin yaradıcı alətlər təkmilləşdikcə, aşkarlama sistemləri də inkişaf etməlidir. Günümüzdə xüsusi programlar istifadə edilir. Bu proqramlar videodakı təbii olmayan pikselləri tapır. İnsan gözü ilə görünməyən detallar analiz edilir. Məsələn, videodakı şəxsin göz qırpması diqqətlə yoxlanılır. Üz cizgilərinin kölgələnməsindəki səhvlər saxtakarlığı ələ verə bilir. Yenə də, bəzən çox yüksək keyfiyyətli videolar hətta ən güclü sistemləri yanıldır. Buna görə də texnoloji həllər heç vaxt tam zəmanət vermir. Fərdlər üçün müdafiə yolları var. Vətəndaşların özlərini qoruması üçün rəqəmsal savadlılıq ən önəmli şərtdir. Mən həmişə tövsiyə edirəm ki, internetdə gördüyünüz hər şeyə dərhal inanmayın. Özünüzü qorumaq üçün aşağıdakı sadə addımları ata bilərsiniz. İlk növbədə, məlumatın haradan gəldiyinə baxmaq lazımdır. Rəsmi və etibarlı xəbər kanallarını izləmək çox vacibdir. Digəri isə, səs ilə dodaq hərəkətləri arasında uyğunsuzluq, kölgələrdə olan yanlışlar fərqi göstərə bilər. Bəzi videolar insanda qəzəb yaratmaq üçün xüsusi hazırlanır”. 

Hadisə ilə bağlı zərərçəkən bildirib ki, onun şəkli yay aylarında paylaşılıb:


“Hadisədən xəbər tutan kimi şəkli dərhal sildirib. Şəkil onun profilindən götürülüb, halbuki səhifəsi bağlı idi. Anası məsələ ilə bağlı həmin şəxsi tapıb şəkli sildirib, daha sonra polisə müraciət ediblər. Lakin polis cavabında bu cür məsələlərə baxmadığını bildirib.
Bir müddət sonra, hüquq tələbələrinin başına gələn oxşar hadisələrdən sonra ehtiyat üçün profil şəkillərini də silinib. Buna baxmayaraq, bir gün görüb ki, bağlı olan TikTok səhifəsi hansısa videonun altında tağ olunub və tanışları bu barədə ona məlumat veriblər. Həmin səhifədən bloklandığı üçün videonu birbaşa görə bilməyib. Başqa bir hesabdan daxil olaraq videoya baxdıqda isə heç vaxt görmədiyi bir şəklinin yenidən paylaşıldığını görüb.
Şəkil süni intellekt vasitəsilə düzəldilən, uyğun olmayan səs əlavə edilərək video şəklində paylaşılıb. O, həmin anda heç nə edə bilməyib, yalnız tanışlarından səhifəni spam etmələrini xahiş edib. Səhifə spam olunduqdan sonra isə həmin şəkil və video silinib”.


Səadət Əlizadə

#intellektlə #yeni #məsuliyyət #saxta #bağlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər