Sürücülər arasında “fara” siqnalı: qanun pozuntusudur?
Yolda hərəkət edərkən qarşıdan gələn sürücünün uzaq vuran işıqlarla (fara) işarə verməsi hər birimizə tanış mənzərədir. Bu, adətən irəlidə yol polisi naryadının və ya radarın olması barədə bir xəbərdarlıq kimi qəbul edilir. Bəs, sürücülər arasında yazılmamış qanun sayılan bu hərəkət hüquqi baxımdan necə qiymətləndirilir?
Mövzu ilə bağlı vəkil Zibeydə Sadıqova "İnformator.az"a açıqlamasında bildirib ki, qanunvericilikdə bu hərəkətə görə hər hansı bir cəza mexanizmi nəzərdə tutulmayıb. Yəni, uzaq vuran işıqlar vasitəsilə digər hərəkət iştirakçılarına məlumat vermək inzibati xəta tərkibi yaratmır:
"Bu hal inzibati xəta deyil. Sürücülərin bir-birinə etdiyi dost münasibətdir. Belə bir xəta qanunda nəzərdə tutulmayıb. Buna görə cərimə və ya digər məsuliyyət yoxdur".
Vəkil qeyd edir ki, bu hərəkət illərdir yollarda formalaşmış bir "sürücü həmrəyliyi" nümunəsidir. Baxmayaraq ki, bəzən bu xəbərdarlıq intizamsız sürücülərin radardan yayınmasına kömək edir, hüquqi nöqteyi-nəzərdən bu addımı qadağan edən bir bənd mövcud deyil:
"Bu, tamamilə sürücülərin həmrəyliyidir. Əgər sürücü işıq cihazlarından istifadə qaydalarını kobud şəkildə pozmursa və digər hərəkət iştirakçıları üçün real təhlükə yaratmırsa, onun kimisə xəbərdar etməsi qanunla cəzalandırıla bilməz".
Yollarda "fara" vasitəsilə verilən bu siqnallar qanundan kənar bir davranış deyil. Lakin unutmamaq lazımdır ki, əsl sürücü mədəniyyəti yalnız polislə qarşılaşmamaq üçün deyil, yollarda təhlükəsizliyi təmin etmək və qaydalara hər an riayət etməkdir. Sürücülərin bu etik davranışı qanunla cəzalandırılmasa da, yollarda ən böyük təminat sürücünün öz intizamıdır.
Lalə Əhməd