"Şuşa dünya mediasının diqqət mərkəzinə çevrilir" - Siyasi şərhçi
IV Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycana gələn xarici media nümayəndələrinin Qarabağa səfəri baş tutub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, artıq ənənəyə çevrilmiş IV Şuşa Qlobal Media Forumu həm Azərbaycan Prezidenti'nin səsləndirdiyi mühüm açıqlamalar, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və quruculuq işlərinin nümayiş etdirilməsi baxımından dünya mediasının diqqətini cəlb edən unikal platformadır:
“Dünyanın aparıcı media qurumlarının nümayəndələrinin bu tədbirdə iştirakı və forum çərçivəsində aparılan quruculuq prosesi ilə yaxından tanış olmaları, vaxtilə ermənilərin törətdiyi vandalizm aktlarının və bu gün həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin əyani şəkildə nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, şübhəsiz ki, Azərbaycanın mövqeyinin və həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm uğurdur. Məncə, IV Şuşa Qlobal Media Forumunun əsas əhəmiyyətlərindən biri də məhz budur. İşğaldan azad olunmuş ərazilərin, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünya mediasının diqqətini bu bölgəyə yönəldir və şəhəri beynəlxalq gündəmin mərkəzinə gətirir. Bu isə gələcəkdə Şuşada analoji beynəlxalq tədbirlərin keçirilməsi üçün yeni təşəbbüslərin yaranmasına stimul verir və bu istiqamətdə davamlı ənənənin formalaşmasına xidmət edir”.
Siyasi şərhçinin sözlərinə görə, keçirilən forumlar, həm işğal dövründə törədilmiş dağıntıların və işğaldan sonra həyata keçirilən bərpa-quruculuq prosesinin dünya ictimaiyyətinə nümayiş etdirilməsi, həm də Azərbaycanın inkişafının, uğurlarının və əldə etdiyi nailiyyətlərin dünya mediası vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir:
“Bu ənənə davam etdirilməlidir. Növbəti illərdə də Şuşa Qlobal Media Forumu Azərbaycanın uğurlarının və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından faydalı və nüfuzlu platforma kimi gündəmdə saxlanılmalıdır”.
Selcan Xudiyeva