00:00:00
Yazar
Ayşən Səlimova
03.03.2026 20:33 22 2 dəq oxuma
Sosial

Təhsildə qiymətləndirmə problemi

Təhsildə qiymətləndirmə problemi

Son illər 4-cü sinif üzrə keçirilən imtahanların “buraxılış” adlandırılması müzakirə yaradır. Problem ondadır ki, buraxılış anlayışı adətən məktəbi tam bitirməklə əlaqələndirilir. Halbuki 4-cü sinif şagirdi sadəcə ibtidai mərhələni başa vurur və təhsilini davam etdirir.

 

Mövzu ilə bağlı “İnformator.az” saytı valideyn, müəllim və təhsil ekspertindən şərh alıb.

 

Valideyn Sevda İbadova bildirib ki, düşünürəm ki, 4-cü sinifdə keçirilən imtahanın “buraxılış” adlandırılması bir az ağır səslənir:

 

“Çünki “buraxılış” deyəndə insanın ağlına məktəbi tam bitirmək gəlir. Amma 4-cü sinif şagirdi hələ balacadır və sadəcə ibtidai mərhələni başa vurur. Bu söz uşaqlarda da stress yarada bilər. Onlar elə düşünə bilərlər ki, bu imtahan çox həlledicidir və uğursuz olsalar, böyük problem olacaq. Halbuki bu mərhələdə əsas məqsəd uşağın biliyini yoxlamaq və növbəti pilləyə hazırlamaqdır”.

 

Müəllim Pərvanə Səmədova isə qeyd edib ki, qiymətləndirmə vacibdir:

 

“Çünki 4-cü sinif ibtidai təhsilin sonudur və şagirdin oxu, yazı, riyaziyyat bacarıqları müəyyən olunmalıdır. Amma bunun adının “buraxılış imtahanı” olması düzgün ifadə deyil. Daha uyğun ad məsələn, “yekun qiymətləndirmə” və ya “keçid imtahanı” ola bilər. Bu həm məzmun baxımından daha doğrudur, həm də uşaqlarda psixoloji gərginlik yaratmaz”.

 

Təhsil eksperti Cahid İmanlı açıqlama verib ki, ibtidai təhsil orta məktəb təhsilinin bir səviyyəsi kimi qəbul edilir:

 

“Bu mərhələni bitirəndə müəyyən imtahanın keçirilməsi müsbət qarşılanmalı və tövsiyə olunmalıdır. Çünki məktəbin və ümumiyyətlə təhsilin dəyərləndirilməsinin, keyfiyyət göstəricisinin müəyyənləşdirilməsinin əsas meyarlarından biri də şagirdlərin mərkəzləşdirilmiş qiymətləndirilməsinin nəticələridir. Bu qiymətləndirmə şagirdin növbəti təhsil pilləsinə hansı hazırlıqla daxil olmasını və onunla pedaqoji işin aparılmasını da stimullaşdırır. Son bir neçə ildir ki, 6-cı sinifdə də monitorinq qiymətləndirilməsi ilə şagird nailiyyətləri yoxlanılır. Şagirdlərin imtahan edilməsi yaxşı haldır, lakin bu imtahanların adlandırılması daxil olmaqla, məqsədi və məzmunu düzgün qurulmur. Ümumiyyətlə, Azərbaycan təhsilində qiymətləndirmə mexanizmlərində köklü dəyişikliklər edilməlidir. Mövcud qiymətləndirmə təhsildə sinxron inkişafı izləməyə imkan vermir və hətta deyərdim ki, təhsilin inkişafına buxov vuran bir alətə çevrilib”.

 

Cavahir Əsgərbəyli

#qiymətləndirmə #azərbaycan #gündəm #xəbər #problemi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər