00:00:00
Yazar
Zəhra Həsənova
23.06.2026 19:29 42 4 dəq oxuma
Sosial

Tələbələrdə akademik təzyiq dəyişir: diqqət imtahanlardan GPA-ya yönəlir

Tələbələrdə akademik təzyiq dəyişir: diqqət imtahanlardan GPA-ya yönəlir

Ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr arasında imtahan stressi ilə yanaşı, ümumi orta göstərici (GPA) ilə bağlı narahatlıqların artdığı müşahidə olunur. 

Təhsil sahəsində aparılan müşahidələr göstərir ki, təqaüd qazanmaq, xaricdə təhsil proqramlarına müraciət etmək, magistratura pilləsinə qəbul olmaq və gələcək karyera imkanlarını artırmaq istəyi tələbələrin orta bal göstəricisinə daha çox diqqət ayırmasına səbəb olur. Bu isə bəzi hallarda psixoloji gərginliyin yaranmasına gətirib çıxarır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib ki, təhsil sistemində tətbiq olunan bal və ortalama göstərici sistemi məsuliyyətli tələbələr üçün hər zaman mühüm əhəmiyyət daşıyır:

 

"Düşünürəm ki, bu sistem tələbələr arasında sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərir. Çünki tələbə yalnız bir imtahandan uğurla keçməyi deyil, bütün tədris müddəti ərzində yüksək nəticələr göstərməyi qarşısına məqsəd qoyur. Ortalamanın yüksək olması təqaüd qazanmaq, daha yaxşı magistratura proqramlarına qəbul olmaq və gələcək karyera imkanlarını genişləndirmək baxımından vacibdir. Hətta magistraturaya qəbul zamanı bakalavr pilləsində əldə olunan ümumi orta müvəffəqiyyət göstəricisi də nəzərə alınır. Bir çox hallarda müsabiqə şəraitində üstünlük daha yüksək ortalamaya malik tələbələrə verilir. Bu sistemin əsas məqsədi bir günlük nəticəni deyil, uzunmüddətli və davamlı bilik əldə etməni təşviq etməkdir. Lakin ortalama bal sistemi bütün tələbələrə eyni formada təsir göstərmir. Xüsusilə, həyəcanlı, təşvişli və panik ataklara meyilli şəxslərdə əlavə stress yarada bilir. Belə tələbələr ya daha da möhkəmlənir, ya da psixoloji baxımdan zəifləyirlər. İmtahanlardan sonra halsızlıq, güclü narahatlıq və panik atak halları müşahidə oluna bilər. Ortalamanın aşağı düşməsi qorxusu da tələbələrin psixoloji vəziyyətinə müxtəlif cür təsir edir. Bu, əsasən insanın xarakterindən asılıdır. İntrovert şəxslər bu cür vəziyyətlərdən daha çox təsirlənə, özlərinə qapana bilərlər. Ekstravert insanlar isə emosiyalarını daha rahat ifadə etdikləri üçün stressin öhdəsindən nisbətən asan gəlirlər. Dörd il və ya daha uzun müddəti əhatə edən təhsil prosesi tələbələr üçün ağır görünə bilər. Bəzən onlar bütün diqqətlərini yalnız ortalama balı qorumağa yönəldir, hətta həyatlarını bu göstərici üzərində qururlar. Halbuki əsas məqsəd yüksək bal toplamaqdan daha çox ixtisasa yiyələnmək və bilik qazanmaq olmalıdır". 

 

Psixoloq həmçinin qeyd edib ki, psixoloq kimi tövsiyə edirəm ki, tələbələr gündəlik dərslərinə məsuliyyətlə yanaşsın, seçdikləri sahəni dərindən öyrənməyə çalışsınlar:

 

"Bu halda yüksək ortalama nəticə təbii şəkildə formalaşacaq. Əgər tələbə öz maraq dairəsinə uyğun ixtisasda və istədiyi universitetdə təhsil alırsa, ortalama göstərici ona ciddi psixoloji yük yaratmır. Lakin istəmədiyi sahədə təhsil alan tələbələrdə bu sistem əlavə gərginlik və narahatlıq yarada bilər".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, qeyd olunan məsələ son illərdə bir çox ölkədə müşahidə olunan tendensiyadır:


"Çünki tələbələr artıq təkcə bir imtahanın nəticəsini deyil, uzunmüddətli akademik göstəricilərini gələcək imkanlarla əlaqələndirirlər.
Ortalama bal (GPA) tələbənin müəyyən bir dövr ərzində göstərdiyi akademik performansın ümumi göstəricisidir və bir çox hallarda vacib meyar hesab olunur. Xüsusilə, magistratura və doktorantura proqramlarına qəbul zamanı, xaricdə təhsil imkanlarına müraciətdə, müxtəlif təqaüd proqramlarında və bəzi şirkətlərin işə qəbul proseslərində GPA nəzərə alınır.
Bununla belə, orta balı uğurun yeganə göstəricisi kimi qiymətləndirmək düzgün olmaz. Müasir əmək bazarında praktik bacarıqlar, xarici dil bilikləri, layihələrdə iştirak, təcrübə proqramları, kommunikasiya və problem həll etmə qabiliyyətləri də ən az akademik göstəricilər qədər əhəmiyyətlidir. Yüksək GPA üstünlük yarada bilər, lakin təkbaşına uğurlu karyera üçün kifayət etmir". 

 

Həmçinin ekspert vurğulayıb ki, tələbələrin imtahan nəticəsindən daha çox ümumi ortalama göstəricilərinə fokuslanmasının əsas səbəbi GPA-nın uzunmüddətli təsirə malik olmasıdır:

 

"Bir imtahanda aşağı nəticə əldə edən tələbə növbəti imtahanlarda vəziyyəti düzəldə bilər. Lakin ümumi ortalama göstərici bütün semestrlər üzrə nəticələrin cəmi olduğundan onu qısa müddətdə dəyişmək daha çətindir. Digər tərəfdən, tələbələr yaxşı bilirlər ki, təqaüdlər, beynəlxalq mübadilə proqramları və magistratura qəbulunda əsas qiymətləndirmə meyarlarından biri məhz ümumi orta baldır. Sosial şəbəkələrdə və akademik mühitdə yüksək GPA-nın uğur göstəricisi kimi təqdim olunması da bu narahatlığı artırır. Nəticədə, tələbələr üçün məsələ təkcə bir imtahanı uğurla vermək deyil, bütün təhsil dövrü ərzində yüksək akademik göstəricini qorumaq olur. Bu isə bəzi hallarda motivasiya yaratsa da, həddindən artıq rəqabət və özünə təzyiq səbəbindən psixoloji stressi də artırır".

 

Aişə Mustafayeva

#keçirir" #azərbaycan #imtahandan #stress
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər