Türkiyə ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün S-400-ləri Rusiyaya qaytarmağı gündəmə gətirir
Ankara Moskva ilə təxminən 10 il əvvəl alınan Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin qaytarılmasını müzakirə edir.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyənin özü də hava hücumundan müdafiə sahəsində analoji yeni sistemlər üzərində çalışır və həmin sistemləri tətbiq etmək niyyətindədir:
"Ümumiyyətlə, son 10 il ərzində Türkiyə S-400 sistemlərindən istifadə etməyib. Sadəcə olaraq, bu silahlar hərbi bazada saxlanılıb. Hazırkı vəziyyətdə isə, Tramp administrasiyasından sonra ABŞ və Türkiyə arasında münasibətlər kifayət qədər yüksək səviyyədə inkişaf edir. Belə ki, ABŞ Türkiyəni yenidən F-35 proqramına qaytarmaq niyyətindədir. Bundan əlavə, ABŞ əvvəldən Türkiyəyə göndərilməsi planlaşdırılan F-16 təyyarələrinin tədarükünü həyata keçirməyə dair öhdəlik götürüb. Türkiyə isə Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı qoyduğu vetonu geri çəkib. Əvəzində ilkin razılaşmaya əsasən, ABŞ Türkiyənin F-35 proqramına qayıdışı və F-16-ların satışı məsələsində öhdəlik götürüb. Hazırda S-400 sistemləri Türkiyə istifadə etmir. Onların Rusiyaya qaytarılması ehtimalı yüksəkdir və bu məsələ yaxın günlərdə Putinin Türkiyəyə səfəri zamanı müzakirə olunacaq. Eyni zamanda, Rusiyanın Ukrayna ilə müharibə fonunda S-400 sistemlərinə ciddi ehtiyacı yaranıb, çünki mövcud sistemlərin bir çoxu sıradan çıxıb. Bu kontekstdə S-400 raketlərin geri qaytarılması Türkiyə və Rusiya arasında mümkün razılaşmanın bir hissəsi ola bilər. Türkiyənin özü də hava hücumundan müdafiə sahəsində analoji yeni sistemlər üzərində çalışır və həmin sistemləri tətbiq etmək niyyətindədir. Bundan əlavə, əgər Türkiyə S-400 raketləri Rusiyaya qaytararsa və ya Rusiyanın razılığı ilə üçüncü bir ölkəyə ötürərsə, böyük ehtimalla ABŞ və NATO vasitəsilə Türkiyəyə Patriot hava hücumundan müdafiə sistemləri təqdim ediləcək".
Səmayə Səftərova
