Türkiyə suriyalılar üçün pulsuz tibbi xidməti dayandırır
Suriyadakı müharibənin başa çatmasından bir il keçməsinə baxmayaraq, Türkiyədə yaşayan suriyalıların ölkələrinə qayıdışı gözlənilən sürətdə getmir. 8 dekabr 2024-cü ildən bu yana təxminən 600 min suriyalı vətəninə dönüb. Hazırda isə 2 milyon 370 min suriyalı Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayır.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Türkiyə və Suriya suriyalıların yerinə qayıtması üçün birgə səylər göstərirlər:
“Bu, hər iki ölkə üçün vacibdir. Bunun üçün də müxtəlif vasitələrdən istifadə olunur. Türkiyənin suriyalılar üçün pulsuz tibbi xidməti dayandırması onların ölkələrinə dönmələri üçündür. Türkiyənin onları pulsuz tibbi xidmətlə təmin etmək öhdəliyi yoxdur və sadəcə beynəlxalq insan hüquqları baxımından suriyalılar üçün bu xidmət göstərilib. Türkiyənin ümumi, ictimai sağlamlıq təhlükəsizliyinə bunun mənfi təsirləri isə ola bilər. Bunun üçün də Türkiyənin müvafiq tədbirlər planı olmayan deyil. Ola bilsin, sonrakı mərhələdə suriyalıların köçürülməsi üçün daha ciddi tədbirlər görüləcək. Çünki əhalinin yerlərinə dönməməsi Suriyanı işğal etməyə füsrət gözləyən İsrail üçün də əlverişlidir. Türkiyə üçün isə bu əlavə yükdür. Pulsuz tibbi xidmətin dayandırılması təbiidir. Çünki artıq Suriya azad olunub və normal hakimiyyət qurulub. Fərqli ölkələr ilə ticarət, investisiyalar və s. sahələrdə əlaqələr qurur. Artıq Suriya öz əhalisini tibbi yöndən təmin etməyə qadirdir”.
Səadət Əlizadə
