00:00:00
Yazar
Lalə Qafarova
03.03.2026 20:39 18 3 dəq oxuma
Sosial

Tam orta təhsil üzrə buraxılış imtahanı: Abituriyentlərə vacib tövsiyələr

Tam orta təhsil üzrə buraxılış imtahanı: Abituriyentlərə vacib tövsiyələr

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına hazırlıq dövründə şagirdlərin imtahanda düzgün davranış qaydalarına əməl etməsi və yazı işi tapşırıqlarını doğru şəkildə yerinə yetirməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə Dövlət İmtahan Mərkəzi imtahan iştirakçıları üçün bir sıra tövsiyələr açıqlayıb. Qurum bildirir ki, imtahan zamanı sənədlərin düzgün təqdim edilməsi, qadağan olunan vasitələrin gətirilməməsi, həmçinin cavab vərəqlərinin səliqəli doldurulması nəticələrin düzgün qiymətləndirilməsində mühüm rol oynayır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, tam orta təhsil üzrə buraxılış imtahanı artıq sadəcə biliyin yoxlanılması mərhələsi deyil, eyni zamanda şagirdin diqqətinin, məsuliyyətinin və psixoloji hazırlığının sınağıdır:

 

“Bu mərhələdə texniki səhvlər, diqqətsizlik və emosional gərginlik bəzən bilik çatışmazlığından daha ciddi nəticələrə səbəb olur. Ona görə də mən hər zaman deyirəm ki, imtahan təkcə mövzunu bilmək deyil, həm də imtahan mədəniyyətini bilməkdir.

Buraxılış imtahanlarında şagirdlərin ən çox yol verdiyi səhvlərdən biri sualı tam oxumadan cavablandırmağa tələsmələridir. Xüsusilə test tapşırıqlarında açar sözlərə diqqət yetirməmək, “doğru deyil”, “ən uyğun cavab” kimi ifadələri nəzərdən qaçırmaq yanlış nəticəyə gətirib çıxarır. Digər geniş yayılmış problem vaxtın düzgün bölüşdürülməməsidir. Bəzi şagirdlər çətin suallar üzərində həddindən artıq dayanır, nəticədə daha asan və bal gətirə biləcək tapşırıqlara vaxt çatmır. Texniki səhvlər də az deyil: cavabların köçürülməsi zamanı sürüşmələr, cavab vərəqinin düzgün doldurulmaması, kodlaşdırma xətaları sonradan ciddi problemlər yaradır. Halbuki bu mərhələdə diqqət və səliqə bəzən əlavə bal deməkdir”.

 

Əmrah Həsənli vurğulayıb ki, yazı işi tapşırıqları şagirdin düşünmə və özünüifadə bacarığını ölçür:

 

“Burada əsas məsələ mövzudan yayınmamaqdır. Şagird sualın mahiyyətini düzgün qavramalı, mövzuya uyğun giriş, əsas hissə və nəticə strukturu qurmalıdır. Fikir ardıcıllığı çox önəmlidir. Qarışıq və sistemsiz yazı hətta yaxşı ideyanın təsirini azalda bilər. Dil qaydalarına əməl etmək, orfoqrafik və punktuasiya səhvlərindən mümkün qədər qaçmaq vacibdir. Eyni zamanda yazı işi mexaniki şəkildə əzbərlənmiş şablon cümlələr toplusu olmamalıdır. İmtahanı yoxlayan şəxs səmimiliyi, məntiqi əlaqəni və arqumentlərin əsaslandırılmasını aydın görməlidir. Yazı səliqəli və oxunaqlı olmalıdır, çünki qiymətləndirmə prosesi insan amili əsasında həyata keçirilir.
 

Stress və həyəcan məsələsinə gəlincə, bu, tamamilə təbii haldır. Mən abituriyentlərə hər zaman deyirəm ki, həyəcan zəiflik deyil, məsuliyyət hissinin göstəricisidir. Sadəcə, onu idarə etməyi bacarmaq lazımdır. İmtahandan əvvəl yuxu rejimini pozmamaq, sosial mediadan və neqativ informasiyardan uzaq qalmaq, son günlərdə yeni mövzu öyrənməyə çalışmamaq daha məqsədəuyğundur. İmtahan zalına daxil olarkən isə özünüzü başqaları ilə müqayisə etməyin. Hər kəs imtahana öz hazırlıq səviyyəsinə uyğun şəkildə gəlir. Nəfəs məşqləri etmək, sualları ardıcıllıqla və sakit templə cavablandırmaq, çətin sualı keçib sona saxlamaq psixoloji sabitliyi qorumağa kömək edir.

 

Unutmayaq ki, buraxılış imtahanı həyatın son nöqtəsi deyil, sadəcə bir mərhələsidir. Şagird öz biliyinə güvənməli, texniki qaydalara diqqət etməli və emosional balansını qorumalıdır. Uğur çox zaman biliklə yanaşı, düzgün strategiyanın nəticəsi olur".

 

Reyhan Quliyeva

#orta #imtahanı: #yeni #tövsiyələr
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər