Titanikin qalıqları da can aldı - TƏFƏRRÜATLAR
Xəbər verdiyimiz kimi, iyunun 19-da məşhur gəminin qalıqlarını görmək üçün 4 min metr dərinliyə enən Titan qayığının ekipaj üzvləri həlak olub. İnformator.az hadisənin təfərrüatlarını araşdırıb.
Atlantik okeanda məşhur Titanik gəmisinin qalıqlarına turistləri aparan "Titan" sualtı qayığında olan 5 nəfərin öldüyü açıqlanıb. ABŞ-ın Sahil Mühafizəsi İdarəsinin kontr-admiralı Con Mauger bildirib ki, uzaqdan idarə olunan ROV gəmisi dəniz dibində Titanikdən təqribən 488 metr aralıda Titan sualtı gəmisinin quyruğunu tapıb: “ROV sonradan əlavə qalıqlar da aşkar edib. Ekspertlər Titanın sualtı qayığının suya eniş etdikdən 1 saat 45 dəqiqə sonra partlayış nəticəsində parçalara ayrıldığını müəyyən edib. Bundan sonra dərhal ailələrə xəbər verdik”.
1997-ci ildə ekranlara çıxan və Kate Winslet və Leonardo DiCaprionun rol aldığı əfsanəvi "Titanik" filminin rejissoru Ceyms Kemeron xəbəri sualtı qayıq yoxa çıxdıqdan bir gün sonra aldığını deyib. O, BBC-yə bildirib ki, "Titan"ın başına gələcək fəlakəti günlər öncədən hiss edib.
Sualtı qayıq həlak olan sərnişinlərə gəlincə isə bunlar britaniyalı milyarder Hamish Harding, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman Davud, sualtı qayıqların hazırlanması ilə məşğul olan “OceanGate” şirkətinin “qurucusu və baş direktoru Stokton Raş, fransız sualtı pilotu Pol Henridir. Maraqlı məqamlardan digəri isə odur ki, turistlərdən biri Stokton Raşın həyat yoldaşı Vendinin nənə və babası 1912-ci ildə Titanik-də batıblar.
Simpsonslar cizgi filmi Titan gəmisinin batması ilə yenidən gündə gəlib. Serialın illər əvvəl yayımlanan bir bölümündə Titanda baş verənlərə kifayət qədər oxşar məqamlar yer alıb. Bəzi Simpsons pərəstişkarları 2006-cı ildə yayımlanan bir epizodda itkin Titan hadisəsinə bənzər bir hekayənin oldğunu bildirib.
Hadisə ilə bağlı daha bir fakt da ortaya çıxıb. Məlum olub ki, “OceanGate” şirkətinin keçmiş əməkdaşı 2018-ci ildə sualtı qayıq təhlükəsizlik problemlərinin olduğu barədə xəbərdarlıq edib. Dəniz Əməliyyatları üzrə direktor hesabatında sualtı qayığın həddindən artıq dərinliyə çatdıqda sərnişinlər üçün potensial təhlükənin olacağını vurğulayıb. Sənədlərə görə, OceanGate” şirkəti onun xəbərdarlıqlarına məhəl qoymayıb və işdən azad edib.
Atlantik okenada 4 min metrə yaxın dərinlikdə olan Titanikin qalıqlara turistlərin çatdırılması “OceanGate” şirkəti tərəfindən həyata keçirilir. Onun internet saytında 8 günlük səyahətin bir nəfər üçün 250 min dollar olduğu qeyd olunub. Şirkət sonuncu dəfə iyunun 16-da davam edən ekspedisiya haqqında tvit paylaşıb.
