Torpaq yola enən qırıcı: Ukraynanın 85 milyon dollarlıq “Gripen” taktikası işə yarayacaqmı?
Ukrayna Prezidenti Volodimir Zelenski İsveçlə 100–150 ədəd “Gripen E” qırıcısının alınması barədə niyyət sazişi imzalayıb. Təxminən 85 milyon dollarlıq bu razılaşma Ukraynanın hava qüvvələrinin modernləşdirilməsi və Rusiya ilə müharibədə üstünlük qazanması məqsədini daşıyır. İsveçin “SAAB” şirkətinin istehsalı olan “JAS 39 Gripen” təyyarələri yüngül, çoxfunksiyalı və texniki cəhətdən çevik olması ilə tanınır. Onlar döyüş, zərbə və kəşfiyyat tapşırıqlarını eyni anda yerinə yetirə bilir. Maraqlıdır ki, bu qırıcıların ən böyük üstünlüklərindən biri torpaq və qısa uçuş zolaqlarına enə bilməsidir - bu isə Ukraynanın dağıdılmış aerodrom şəraitində böyük taktiki üstünlük yarada bilər. Mütəxəssislər hesab edirlər ki, “Gripen”lərin 3 il sonra Kiyevə çatdırılması Ukraynanın hava müdafiəsində dönüş nöqtəsi ola bilər, lakin bu addım Qərb və Rusiya münasibətlərində yeni gərginlik dalğasına səbəb ola bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,hər nə qədər bu müharibənin dayandırılması ilə bağlı danışıqlar getsə də müharibənin dayandırılması ehtimalı daha azdır, nəinki müharibənin arealının genişlənməsi:
"Başqa sözlə desəm, müharibənin miqyasının genişlənməsi daha çox gözləniləndir, nəinki müharibənin bitməsi. Ona görə ki, indi biz bu Şərqi Avropadakı kor düyünə ancaq Rusiya - Ukrayna savaşı kontekstindən qiymətləndirməməliyik. Ancaq proses dəyişib və ABŞ- Avropa gərginliyi məsələsi ortaya çıxıb. Əgər ABŞ-də Donald Tramp hakimiyyətə gələnə qədər vahid Qərb anlayışı var idisə, və Qərb vahid mövqedən çıxış edirdisə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı indi ABŞ müharibəni bitirməyə çalışır, Avropa isə uzatmağa çalışır. ABŞ bitirməyə çalışır çünki,müharibə bitəndən sonra Ukraynaya investisiya qoymaq istəyir, Rusiya ilə əlaqələri sabit saxlamaq istəyir və müharibə bitəndən sonra diqqətini Yaxın Şərqə və Çinə yönəltmək istəyir.
Avropa istəmir müharibə bitsin, çünki, Avropa Rusiyadan ucuz enerji alır, müharibə bitəndən sonra belə imkanı olmaya bilər, daha sonra isə müharibə bitsə, Rusiyanın növbəti hədəfi Avropanın hər hansı bir ölkəsi ola bilər. Ona görə ABŞ Ukraynaya deyir ki, dayan. Avropa isə deyir ki, dayanma, davam et. Belə bir xaotik vəziyyət yaranıb. İndi Avropa görür ki, ABŞ bütün imkanlarını qoyur ortaya müharibənin dayandırılması ilə bağlı. Ona görə Avropa da bütün imkanları ilə çalışır ki, danışıqları istisna etsin. Ona görə də Ukraynanı silahlandırır. Müasir silahlarla təmin edir.
Avropanın ən azı bir neçə ölkəsi bəlkə də artıq o niyyətdədir ki, NATO-Rusiya müharibəsi başlasın. Bu mümkündür. Və sanki Rusiyanın damarına basırlar.
"Gripen" qırıcıları ilə nəyinsə dəyişəcəyini düşünmürəm. Amma məsələnin siyasi tərəfi ilə bağlı bir daha təkrar edirəm ki, NATO-Rusiya müharibəsinin başlaması mümkündür. İstisna deyil. Danışıqlar effektsizdir. Danışıqların effektli olması üçün əvvəlcə ABŞ və Avropa dil tapmalıdır. Bu da hələki olmur".
Aişə Mustafayeva